ABŞ-ın “Mercer” konsaltinq şirkəti ənənəvi olaraq dünyanın ən bahalı şəhərlərinin renkinqini tərtib edib.
22-ci dəfə tərtib olunan renkinqdə 209 iri şəhərin adı var.
Öncədən qeyd edək ki, renkinqin tərtib olunmasında əsas meyar kimi iri şəhərlərdə əcnəbilərin yaşayış xərcləri götürülüb. Beləliklə, siyahı xarici ölkələrə işləməyə gələnlər üçün daha aktualdır.
Renkinqə Honkonq liderlik edir. İkinci yerdə Anqolanın paytaxtı Luanda qərarlaşıb. Sürix və Sinqapur 3-cü və 4-cü yerləri bölüşdüyü halda, Tokio 11-ci pillədən 5-ə yüksəlib.
İlk onluğa Kinşasa (Konqo Demokratik Respublikasının paytaxtı), Şanxay, Cenevrə, Ncamena (Çadın paytaxtı) və Pekin daxil olub.
Bakı 172-ci yerdədir. Renkinqin müəllifləri bildirir ki, 2015-ci illə müqayisədə bu il Azərbaycanın paytaxtı 100 pillədən çox geriləyib. Belə çıxır ki, paytaxtımızda mənzillərin kirayə qiyməti həddən artıq enib.
Ən ucuz ölkələrin siyahısına gəlincə, sonuncu yerlərdə Bişkek (207), Keyptaun (208) və Vindhuk (209) qərarlaşıblar.
APA