Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə xidmətin təkmilləşdirilməsi məqsədilə milli pul nişanlarının dəyişdirilməsi prosedurunda dəyişiklik edib.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, 2 mart 2026-cı il tarixindən etibarən milli pul nişanlarının dəyişdirilməsi xidməti operator banklar – “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapitalbank” ASC-nin ölkə üzrə fəaliyyət göstərən filial və şöbələrində ödənişsiz həyata keçiriləcək.
Qeyd olunub ki, həmin tarixdən Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən “Nağd pul ofisi”nin fəaliyyəti dayandırılacaq.
Bununla yanaşı, yubiley və xatirə pul nişanlarının satışı, eləcə də Mərkəzi Bankın onlayn satış sistemi vasitəsilə alınmış pul nişanlarının təhvili 2 martdan etibarən Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında həyata keçiriləcək. Təslim prosesi həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 12:00-dək aparılacaq.
Mərkəzi Bank əlavə edib ki, investisiya pul nişanlarının satışı və geri alışı əvvəlki qaydada satış agentləri – “Bank of Baku” ASC və “TuranBank” ASC vasitəsilə davam etdiriləcək.
Xatırladılıb ki, milli pul nişanlarının dəyişdirilməsi üçün Mərkəzi Bankın ərazi idarələrinə, ölkədə fəaliyyət göstərən banklara, xarici bankların yerli filiallarına və poçt rabitəsinin milli operatoruna da müraciət etmək mümkündür.






