İran müxalifətinin nümayəndələri Tehranda və dünyanın müxtəlif şəhərlərində yeni aksiyalar təşkil ediblər. “Der Spiegel”in yazdığına görə, fevralın 15-i axşam saatlarında İran paytaxtının bir neçə rayonunda sakinlər eyvanlardan “İslam Respublikasına ölüm”, “Xameneiyə ölüm”, “Şah yaşasın” şüarları səsləndiriblər.
İrandan kənarda fəaliyyət göstərən müstəqil “Iran International” televiziya kanalı qruplar halında toplaşmış şəxslərin “Bu son döyüşdür, Pəhləvi qayıdır” və “İslam İnqilabı Keşikçilərinə ölüm” şüarları səsləndirdiyini əks etdirən videogörüntülər yayımlayıb. Oxşar aksiyalar barədə məlumatlar İranın bir neçə digər şəhərindən də daxil olur.
Ötən həftəsonu Münhendə təxminən 250 min nəfər İranda mövcud hakimiyyətə qarşı etiraz aksiyasına çıxıb. İranlı etirazçılara dəstək aksiyaları həmçinin Los-Anceles, Vaşinqton, Toronto və digər şəhərlərdə də keçirilib.






