12 C
Baku
Monday, February 16, 2026

Deutsche Bank: Süni intellekt sektorundakı risklər dolları “təhlükəsiz liman” statusundan məhrum edə bilər

ABŞ dollarının “təhlükəsiz liman” statusu süni intellekt (Sİ) sektorunun ABŞ fond bazarında yüksək konsentrasiyası səbəbindən sual altına düşüb. Bu barədə Deutsche Bank-ın valyuta araşdırmaları şöbəsinin rəhbəri Corc Saravelos bildirib.

Adətən hesab olunur ki, investorlar yüksək riskli aktivlərdən uzaqlaşdıqda dollar möhkəmlənir. Lakin Saravelosun sözlərinə görə, ABŞ valyutası ilə səhmlər arasındakı əlaqəni göstərən sadə qrafik bunun belə olmadığını nümayiş etdirir. Tarixən dolların fond bazarı ilə korrelyasiyası orta hesabla sıfra yaxın olub, son bir ildə isə dolların dinamikası S&P 500 indeksi ilə əlaqəli olmayıb.

Analitik diqqətə çatdırıb ki, ABŞ fond bazarı Sİ sektorunun yüksək payı və “kannibalizasiya təhlükəsi” səbəbindən daha riskli olub. Yəni yeni texnologiyaların bir sıra ənənəvi biznes sahələrinə zərbə vuracağı ilə bağlı narahatlıqlar artıb.

CNBC-nin məlumatına görə, proqram təminatı istehsalçıları, İT şirkətləri və bulud xidmətlərini birləşdirən S&P 500 Software & Services indeksi 2026-cı ilin əvvəlindən bəri təxminən 20% ucuzlaşıb. Amazon, Microsoft, Alphabet və Meta kimi iri texnoloji şirkətlər bu il üçün ümumilikdə 700 milyard dollara qədər kapital xərcləri proqnozlaşdırıblar. Bu isə Sİ-yə yatırımların geri dönüşü və bu qədər böyük xərclərin əsaslı olub-olmaması ilə bağlı narahatlıqları gücləndirib. Nəticədə texnoloji nəhənglərin bazar kapitallaşması ümumilikdə 1 trilyon dollardan çox azalıb, baxmayaraq ki, sonradan bəziləri itkilərin bir hissəsini bərpa edib.

Saravelos bildirib ki, əgər fond bazarındakı mənfi xəbərlər əsasən ABŞ-dən gəlirsə və dünyanın digər hissələrində vəziyyət daha yaxşıdırsa, dollar səhmlərlə birlikdə ucuzlaşa bilər. Onun sözlərinə görə, bu, 2002-ci ildə “dotkom” böhranı zamanı müşahidə olunmuşdu. “Dolların portfel hedcinq aləti kimi cəlbediciliyi nə qədər azalırsa, ona yatırımları azaltmaq üçün bir o qədər əsas yaranır”, — deyə o qeyd edib.

Saravelos hesab edir ki, dollar artıq “müstəsna” qoruyucu aktiv statusunu itirib. O, ABŞ dolları əvəzinə Avstraliya dollarını, Danimarka, Norveç və İsveç kronlarını, eləcə də inkişaf etməkdə olan ölkələrin valyutalarını daha cəlbedici sayır.

Bundan əlavə, analitik Donald Trampın ticarət siyasəti səbəbindən dolların volatilliyinin artdığını vurğulayıb. O xatırladıb ki, 2025-ci ilin yazında Tramp dünyanın əksər ölkələrindən idxala rüsumlar tətbiq edib və bu, bazarda “Amerikanı sat” strategiyasının yayılmasına səbəb olub. Bu strategiya investor portfellərində ABŞ aktivlərindən, o cümlədən dollardan imtinanı nəzərdə tutur. CNBC-nin məlumatına görə, dolların əsas dünya valyutalarına nisbətdə dinamikasını göstərən DXY indeksi 2025-ci ildə 9,4% azalıb və 2026-cı ilin əvvəlindən daha 1,4% geriləyib.

Son xəbərlər
Digər xəbərlər