18 C
Baku
Tuesday, February 17, 2026

Bu ildən özəl sektorda çalışanlar nə qədər vergi və sosial sığorta haqqı ödəyir?

2026-cı ildən Vergi Məcəlləsində üç istiqamət üzrə 45 əsas dəyişiklik qüvvəyə minib. Bu istiqamətlər investisiya və sahibkarlığın təşviqi, büdcə gəlirlərinin tənzimlənməsi və vergi nəzarətinin təkmilləşdirilməsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin əməkdaşı Toğrul Sadıxov özəl sektorda çalışan işçilərin gəlir vergisi ilə bağlı yenilikləri şərh edib.

T.Sadıxovun sözlərinə görə, bu ildən etibarən həmin sahələrdə proqressiv vergi dərəcələndirilməsi həyata keçirilir: “Məlum olduğu kimi, 2019-cu ilin 1 yanvar tarixindən etibarən 7 il müddətinə neft-qaz sektorunda fəaliyyət göstərməyən və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində çalışan şəxslərin əməkhaqqı gəlirləri 8.000 manata qədər 0 faiz dərəcə ilə, 8.000 manatdan yuxarı isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunurdu. 2026-cı ilin 1 yanvar tarixindən etibarən isə həmin işçilər üçün proqressiv vergi dərəcələndirilməsi həyata keçirilir. Belə ki, əməkhaqqı gəlirlərinin 2.500 manata qədər olan hissəsi 3 faiz dərəcə ilə, 2.500 manatdan 8.000 manata qədər olan hissəsi 10 faiz dərəcə ilə, 8.000 manatdan yuxarı hissəsi isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. Eyni zamanda, 3 faiz dərəcə 2028-ci ilədək proqressiv şəkildə artacaq və əməkhaqqı gəlirlərinin 2.500 manata qədər olan hissəsi 2027-ci ildə 5 faiz, 2028-ci ildə 7 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Dəyişikliyin müsbət tərəfi bundan ibarətdir ki, proqressiv vergi dərəcələndirilməsi dərhal deyil, üç il ərzində həyata keçiriləcək. Həmçinin, fiskal yükün aşağı dərəcəli artımı əmək müqavilələrinin bağlanılmasından yayınma və “kölgə iqtisadiyyatı”na meyil göstərilməsi riskini azaldacaq. İqtisadi təhlillər nəticəsində muzdlu işçilərin əksəriyyətinin əməkhaqqının 2.500 manatadək olduğunu nəzərə alsaq, 2026-cı il üzrə kumulyativ yük cəmi 3 faiz artıb. Eyni zamanda, proqressiv vergi dərəcələndirilməsi nəticəsində aşağı əməkhaqqı alanlar aşağı dərəcə ilə, yuxarı əməkhaqqı alanlar isə yuxarı dərəcə ilə vergiləndirilir”.

T. Sadıxov əlavə edib ki, özəl sektorda çalışan işçilərin və işəgötürənlərin də məcburi dövlət sosial sığorta haqlarının hesablanması ilə bağlı qanunvericilikdə dəyişiklik edilib: “Belə ki, gəlirlərin 200 manatadək olan hissəsi işçiyə münasibətdə 3 faiz, işəgötürənə münasibətdə 22 faiz dərəcə ilə, 200 manatdan 8.000 manatadək olan hissəsi işçiyə münasibətdə 10 faiz, işəgötürənə münasibətdə 15 faiz dərəcə ilə, habelə 8.000 manatdan çox olan hissəsi işçiyə münasibətdə 10 faiz, işəgötürənə münasibətdə 4 faiz azaldılaraq 11 faiz dərəcə ilə məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur.

Həmçinin, “Tibbi sığorta haqqında” qanunvericiliyə dəyişiklik olunub və həmin dəyişikliyə əsasən, işçiyə və işəgötürənə münasibətdə əməkhaqqı gəlirləri 2.500 manatadək olduqda həm işçiyə, həm də işəgötürənə münasibətdə 2 faiz, 2.500 manatdan artıq olduqda isə həm işçiyə, həm də işəgötürən münasibətdə 0,5 faiz dərəcə ilə icbari tibbi sığorta haqqı hesablanır. İşsizlikdən sığorta dərəcələri ilə bağlı hər hansı dəyişiklik edilməyib”.

Fərdi sahibkarların sosial sığorta ödənişi öhdəliyi dəyişib

T.Sadıxov fərdi sahibkarın sosial sığorta yükünün tənzimlənməsi barədə də məlumat verib. Bildirib ki, 2026-cı ilin 1 yanvar tarixinədək tikinti sahəsi üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 50 faizi həcmində, ticarət və digər sahələr üzrə isə 25 faiz həcmində hesablanırdı. Həmçinin, regionlara münasibətdə əmsallar tətbiq olunurdu: “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsəydi, güzəşt müddəti başa çatdığından ticarət sahəsində həmin göstərici 50 faizədək artacaqdı, regionlara tətbiq olunan əmsallar da qüvvədən düşəcəkdi, nəticədə fərdi sahibkarın sosial sığorta yükünün artmasına səbəb olacaqdı. Bu səbəbdən, fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqqının hesablanması ilə bağlı yeni mexanizm 2026-cı ildən qüvvəyə minib. Belə ki, bu ildən etibarən fəaliyyət sahəsindən asılı olmayaraq, istər tikinti, istər ticarət və digər sahədə çalışan fərdi sahibkarlar bütün sahələr üzrə xərclər çıxılmadan gəlirlərin 2 faizi həcmində məcburi dövlət sosial sığorta haqqı ödəyir”.

Qeyd edək ki, burada iki istisna hal var: fərdi sahibkarın ödədiyi sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən artıq olmamalıdır. Yəni bu il üzrə fərdi sahibkar minimum 60 manat, maksimum 400 manat məcburi dövlət sosial sığorta haqqı ödəyir.

Sığorta qanunvericiliyində bir sıra digər dəyişikliklər də edilib. Məsələn, kənd təsərrüfatı sahəsində mövcud rejim saxlanılır və dərəcələr qismən artırılır. Belə ki, 5 hektaradək olduqda minimum əməkhaqqının 5 faizi, 5 hektardan 10 hektaradək 7,5 faizi, 10 hektardan yuxarı isə 12,5 faizi həcmində məcburi dövlət sosial sığorta haqqı hesablanır. Eyni zamanda, sabit qəbz alan şəxslər üzrə mövcud rejim saxlanılıb və məcburi dövlət sosial sığorta haqqı dərəcələri qismən artırılıb. Belə ki, regional əmsallar tətbiq edilməklə minimum əməkhaqqına tətbiq edilən 3 faiz 5 faizə, 5 faiz isə 8 faizə qaldırılıb. “Fərqlənmə nişanı” almaqla sərnişindaşıma fəaliyyəti üzrə mövcud rejim isə olduğu kimi saxlanılıb.

Son xəbərlər
Digər xəbərlər