“Meta” öz məlumat mərkəzlərində milyonlarla “Nvidia” prosessorundan istifadə edəcək, o cümlədən növbəti nəsil “Vera Rubin” çiplərindən. Bu barədə “Financial Times” və CNBC yazır.
Müqavilənin maliyyə şərtləri açıqlanmayıb, lakin FT-nin sorğuladığı ekspertlər sövdələşmənin dəyərini “milyardlarla” dollar olaraq qiymətləndiriblər.
CNBC-nin qeyd etdiyi kimi, “Meta” ən azı on ildir “Nvidia” prosessorlarından istifadə edir. Lakin şirkət “Nvidia”dan süni intellekt modellərinin inferensiyası, yəni məlumatların emalı və nəticə çıxarılması prosesi üçün ayrıca “Grace” mərkəzi prosessorlarını (CPU) alan ilk böyük şirkət olacaq.
Əvvəllər “Nvidia” CPU-ları yalnız digər həlləri ilə birlikdə, məsələn videokartlarla birgə təklif edirdi. FT yazır ki, bu addım şirkət üçün “dönüş nöqtəsi”dir və satış strategiyasında dəyişiklikdən xəbər verir. Nəşrin qeyd etdiyi kimi, süni intellekt modellərinin öyrədilməsi dövrü başa çatır, indi isə “tamamilə fərqli yanaşma tələb edən” inferensiya dövrü başlayır.






