Azərbaycanın yeganə qiymətli metal alıcısı olan İsveçrəyə qızıl və gümüş ixracında 2025-ci ildə kəskin artırıb. Qiymət artımları ixracın dəyərinin artmasında mühüm rol oynayıb.
Banker.az xəbər verir ki, qızıl ixracı 2025-ci ildə 4 522 kiloqram təşkil edib. Bu, 2024-cü illə müqayisədə 5.9% çoxdur. Lakin ixracın dəyəri daha sürətlə artaraq 326.2 mln. dollara çatıb. 2024-cü ildə bu göstərici 211.76 mln. dollar idi və illik artım 54.04% təşkil edib.
Bir kiloqram qızılın orta ixrac qiyməti 2025-ci ildə 72 133 dollar olub. 2024-cü ildə isə bu göstərici 49 589 dollar idi. Beləliklə, orta qiymət bir ildə 46% bahalaşıb.
Gümüş ixracında da oxşar dinamika müşahidə edilir. 2025-ci ildə İsveçrəyə 2 171 kq gümüş ixrac olunub ki, bu da əvvəlki illə müqayisədə 30% çoxdur. İxracın dəyəri isə 2.68 mln. dollara yüksəlib və illik artım 70% təşkil edib. 2024-cü ildə bu göstərici 1.58 mln. dollar idi.
Bir kiloqram gümüşün orta ixrac qiyməti 2025-ci ildə 1 235 dollar olub. Bu göstərici 2024-cü ildə 944 dollar idi və illik müqayisədə 31% artım qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda 2965 kq qızıl, 3646 kq gümüş istehsal edilib.





