2025-ci ildə dünyada yaz donu zərərləri səbəbindən fındığın istehsalındakı enişdən sonra Azərbaycanın yerli fındıq ixracaçtıları üçün əlverişli satış imkanları yaranıb və qiymətlər kəskin artıb.
Banker.az xəbər verir ki, Azərbaycanın fındıq ləpəsi ixracı ümumilikdə 18.7 min ton təşkil etməklə, bu ixrac müqabilində ölkəyə 169.86 mln. dollar valyuta daxil olub. Həcm baxımından əvvəlki ilə nisbətən 3.4% azalma baş verib, lakin dəyər 34.11% artaraq 2024-cü ilin 126.68 mln. dollar göstəricisini ötüb. Azərbaycanın əsas fındıq ixracatçılarından biri “Khan-El” MMC keçən il 31 mln. dollar dəyərində gəlir əldə edib.
Azərbaycan fındıq ləpəsini bir tonunu keçən il xaricə 9 096 dollara ixrac edib. Məsələn bu 2024-cü ildə orta statistik olaraq 6 555 dollara ixrac edilmişdi. Bu da ölkəyə fındıq bahalaşmasından hər tonunda 2 541 dollar və ya 38.8% bahalaşmadır.
Dünyada fındığın təxminən 70%-ə qədərini istehsal edən Türkiyədə keçən il don zərəri səbəbindən istehsal kəskin düşüb. Normal illərdə istehsal ümumilikdə 700–800 min ton olduğu halda, yaz şaxtaları istehsalı 400 min tondan aşağı salıb. Nəticə qiymətləri yuxarı tətikləyib. Avropada bir ton fındıq illik 9 400 avro və ya 10 900 ABŞ dollarına qədər 34% bahalaşıb. Əlavə olaraq bildirək ki, Banker.az hələ bu qiymətlərin bahalaşması ilə bağlı 2025-ci ilin yayında məlumat vermişdi.
Azərbaycanın keçən ildə əsas alıcısı Rusiya olaraq qalıb. 2025-ci ildə Rusiyaya ixrac 8 368.8 ton və 67.09 mln. dollar təşkil edib. Həcm 26.1% azalıb.
Almaniyaya ixrac 3 664.2 ton və 40.40 mln. dollar olub. Həcm 30.60% artıb. Orta qiymət 11 027.00 dollar/t olub, illik müqayisədə 36.5% bahalaşma qeydə alınıb.
İtaliyaya ixrac 1 888 ton və 19.07 mln. dollar təşkil edib. Həcm 2.00% azalıb. Orta qiymət 10 112 dollar/t təşkil edir.
İsveçrəyə ixrac illik 71.43% artımla 960.0 ton (10.80 mln. dollar), Türkiyəyə 65.2% artımla 1 265.5 ton (9.58 mln. dollar), Polşaya 13.5% artımla 494.4 ton və 4.2 mln. dollar olub.





