2026-cı ildə Azərbaycanın fiskal siyasəti neft gəlirlərindən asılılığın tədricən azaldılmasına yönəlmiş mühafizəkar yanaşma əsasında həyata keçiriləcək.
Bu barədə “Fitch Solutions”un Azərbaycanla bağlı proqnozunda bildirilib.
Qurumun proqnozuna görə, 2026-cı ildə qeyri-neft büdcə gəlirləri iki rəqəmli templə artacaq və ümumi büdcə gəlirlərinin 57%-dən çoxunu təşkil edəcək. Bu, fiskal strukturun şaxələndirilməsi və uzunmüddətli dayanıqlılığın gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Eyni zamanda, Dövlət Neft Fondundan (SOFAZ) büdcəyə transfertlərin 11% azaldılması nəzərdə tutulur ki, bu da neft gəlirlərindən asılılığın tədricən azaldılmasına xidmət edir.
Hesabatda qeyd olunur ki, 2026-cı ildə büdcə kəsiri ÜDM-in təxminən 1,9%-i səviyyəsində proqnozlaşdırılır və bu göstərici 2025-ci ilin səviyyəsinə yaxın olacaq. Gəlir və xərclərin illik artımı isə təxminən 0,7% səviyyəsində məhdudlaşdırılacaq ki, bu da qeyri-müəyyən qlobal enerji bazarı şəraitində fiskal intizamın qorunmasına yönəlib.
Bununla yanaşı, müdafiə xərclərinin yüksək səviyyədə qalacağı bildirilir. Qurumun qiymətləndirməsinə görə, 2026-cı ildə müdafiə xərcləri artım tempini qoruyacaq və büdcədə əhəmiyyətli paya malik olacaq.
“Fitch Solutions” hesab edir ki, qeyri-neft gəlirlərinin artması və transfertlərin azalması uzunmüddətli fiskal sabitliyin gücləndirilməsi baxımından müsbət siqnaldır.







