Neft daşıyan supertankerlərin fraxt (icarə) qiyməti son beş ilin ən yüksək səviyyəsinə çatıb və hətta bu onilliyin maksimum göstəricilərinə yaxınlaşa bilər. Buna səbəb ABŞ-nin İrana qarşı mümkün genişmiqyaslı zərbə ehtimalının artması, eləcə də bu tip gəmilərin mülkiyyətinin daha məhdud sayda şirkətin əlində cəmləşməsidir.
Bildirilir ki, çox böyük xam neft tankerlərinin (VLCC) “Yaxın Şərq — Çin” marşrutu üzrə fraxt dərəcələri ilin əvvəlindən bəri təxminən üç dəfə artaraq sutkalıq 151 208 dollara çatıb. Bu, 2020-ci ildən bəri ən yüksək göstəricidir.
ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməsi və ölkə prezidenti Donald Trampın İrana nüvə proqramı ilə bağlı razılaşma əldə etmək üçün maksimum 10–15 gün vaxt verildiyini bildirməsi fonunda fraxt dərəcələrinin daha da artacağı gözlənilir. Genişmiqyaslı hərbi əməliyyatlar həyati əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçiliyi poza və bununla da gəmilərin icarəsində risk mükafatını yüksəldə bilər. Eyni zamanda, Cənubi Koreyanın “Sinokor Merchant Marine şirkətinin” VLCC tankerlərini aktiv şəkildə alması bazarda gəmi çatışmazlığını dərinləşdirir.
“Oil Brokerage Ltd” şirkətinin dəniz araşdırmaları şöbəsinin rəhbəri Anup Sinqhin fikrincə, Yaxın Şərqdə mümkün hərbi əməliyyatlar VLCC tankerlərinin fraxt dərəcələrini 2019-cu ildən bəri görünməyən səviyyələrə qaldıra bilər.
ABŞ-nin İrana mümkün zərbəsi ilə bağlı bazarda yaranan gərginlik digər marşrutlara da təsir edir. Baltik Birjasının məlumatına görə, Meksika körfəzindən Çinə reyslər üzrə supertankerlərin fraxt dərəcələri 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb.
Sonuncu dəfə “Yaxın Şərq — Çin” marşrutu üzrə fraxt dərəcələri 2020-ci ildə bu qədər yüksək olmuşdu. Həmin vaxt pandemiya ilə bağlı lokdaunlar tələbi kəskin azaltdığından və qurudakı anbarlar dolduğundan, istehsalçılar nefti kütləvi şəkildə dənizdə saxlayırdılar.
Hazırda isə fraxt edən şirkətlər qlobal neft hasilatının artdığı bir dövrdə, təcili icarəyə verilə bilən gəmilərin sayının azalması ilə üzləşirlər. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, yanvarda qlobal neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik təxminən 3,9 milyon barel çox olub.
“Sinokor” şirkətinin VLCC tankerlərini sürətlə alması nəticəsində bazar daha az sayda iştirakçının nəzarətinə keçib. Hazırda şirkət təxminən 120 supertankeri idarə edir.
Onun rəqibi “Okeanis Eco Tankers Corp.”un qiymətləndirməsinə əsasən, bu həftə “Sinokor” uzunmüddətli icarədə olmayan və sanksiyaya məruz qalmayan, icarəyə açıq gəmilərin təxminən 40%-nə nəzarət edir. Bu dəyişikliklər sektoru geosiyasi gərginliyin kəskin artımlarına qarşı daha həssas edib.






