2025-ci ilin sonuna Azərbaycanda iş icazələrinə malik əcnəbi şəxslərin sayı 7 990 nəfər təşkil edib. Bu illik müqayisədə 151 nəfər və ya təxminən 1.9 faiz azalma qeydə alınıb. Banker.az bunu xəbər verir, bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə azalma nümayiş etdirib. Belə ki, 2024-cü ilin sonunda qüvvədə olan iş icazələrinin sayı 8 141 nəfər olub.
Sahələr üzrə bölgüyə baxdıqda, tikinti sektoru hər iki ildə də ən böyük paya malik olub. 2025-ci ildə tikintidə çalışanların xüsusi çəkisi 34.3 faiz təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 0.4 faiz bəndi azdır (2024: 34.7 faiz). Mədənçıxarma sənayesində pay 9.8 faizdən 10 faizə yüksəlib. Emal sənayesində isə 9.3 faizdən 8.9 faizə enmə qeydə alınıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində azalma daha nəzərəçarpan olub – 2024-cü ildə 8.6 faiz olduğu halda, 2025-ci ildə bu göstərici 7.6 faizə düşüb. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində pay 6.1 faizdən 5.6 faizə azalıb. Təhsil sektorunda isə əksinə, 5.4 faizdən 5.7 faizə artım müşahidə olunub.
Digər sahələrin payı 2024-cü ildə 26.1 faiz olduğu halda, 2025-ci ildə 27.9 faizə yüksəlib ki, bu da strukturda müəyyən diversifikasiyanın artdığını göstərir.







