Azərbaycanın yeganə fond birjası Bakı Fond Birjası 29 il fəaliyyət göstərsə də, son iki ildə bazarda aktivliyini artıraraq pərakəndə investor seqmentinin genişləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində addımlarını atmağa başlayıb. İndiyə qədər investorlar səhmlər və digər qiymətli kağızları fiziki şəkildə əldə edirdisə, hazırda BFB “TABADUL” platformasına inteqrasiya edərək məsafədən ticarət imkanlarını təmin etməyi planlaşdırır.
BFB-dən Banker.az-ın sorğusuna cavab olaraq bildirilir ki, Milli Depozit Mərkəzinin 2025-ci ilin 9 ayını əhatə edən statistik məlumatlarına əsasən, hazırda 102 min üzərində aktiv hesab mövcuddur.
“Bu göstərici bizə onu deməyə əsas verir ki, bazarda artıq formalaşmış və potensial investor kimi çıxış edə biləcək ciddi bir baza var”- deyə, sorğuda cavablandırılıb.
Birjadan bildirilir ki, 2024–2026-cı illəri əhatə edən inkişaf strategiyasına əsasən, fərdi investor seqmenti üzrə potensial həcmin təxminən 280 milyon manat səviyyəsində ola biləcək. Bu göstərici növbəti üç il üzrə istiqraz və səhm emissiyalarının orta–optimist artım hesablamaları və fiziki şəxslərin həmin həcmlərdə maksimum 10% iştirak edə biləcəyi ehtimalı əsasında formalaşdırılıb. Bununla belə, Birja bildirib ki, bu rəqəm “rəsmi proqnoz və ya hədəf” kimi qəbul edilməməlidir.
2025-ci ildə BFB-nin ümumi dövriyyə 64 mlrd. manat təşkil edib ki, bu da əvvəlki ildəki 71 mlrd. manata nisbətən azdır. Bu azalma repo seqmentinin ayrılması ilə əlaqədar olub.
Bakı Fond Birjası BƏƏ-nin “TABADUL” birjasına qoşulduğunu keçən ildən elan etsə də, cari ilin ilk rübündən inteqrasiyanın başlayacağı bildirilib. Bu platformaya Qazaxıstan Fond Birjası (KASE) qoşulub və bu təkcə yerli deyil, xarici investorların da yerli qiymətli kağızlarını məsafədən alınması üçün imkan yaradıb. Bu inteqrasiya sonrası 2025‑ci ildə ümumi ticarət həcmi 401 trilyon təngə (~$872 milyon) səviyyəsinə çataraq 2024‑lə müqayisədə təxminən 3% artıb, xüsusilə xarici valyuta bazarında ticarət həcmi 35% artıb.
Azərbaycanın fond birjasının “TABADUL” platformasına inteqrasiya ilə bağlı olaraq hazırda texniki, texnoloji və hüquqi baza yenilənir və BFB kapital axınının həcmi öncədən proqnozlaşdırıla bilmədiyini bildirir. Fond həm də, Əbu-Dabi birjası ilə inteqrasiyanın avtomatik kapital axınına zəmanət vermədiyi dilə gətirib.
Banker.az olaraq bizə digər maraqlı əsas məqam birjada valyuta hərraclarının və digər törəmə maliyyə alətləri ilə bağlı idi. Çünki eyni qayda hazırda Qazaxıstan Fond Birjasında tətbiq olunur və burada təngə də daxil olmaqla xarici valyutalar birja çərçivəsində ticarət edilir, USD/KZT və EUR/KZT cütlükləri aktiv şəkildə alınıb‑satılır. Bu sistem həm spot, həm də digər maliyyə alətləri üzrə əməliyyatlara imkan verir və Qazaxıstan bazarında valyuta ticarətinin əsas seqmentini təşkil edir. Bakı Fond Birjası isə bu sorğumuza cavabında hazırda valyuta hərraclarının və ya digər əməliyyatlarının birja platformasına keçirilməsi ilə bağlı “konkret plan”ın olmadığını deyir.
Fond həmçinin əmtəə fyuçerslərinin tətbiqi isə mövcud strateji planda prioritet istiqamət kimi müəyyən olunmadığını deyir. Fonddan deyirlər ki, 2027–2029-cu illər üçün yeni strategiyanın hazırlanması zamanı “bazar dinamikası və investor marağı” nəzərə alınaraq bu məsələyə yenidən baxıla biləcəyi bildirilir.
BFB bununla bağlı əlavə edir ki, onların strateji prioriteti səhm və borc alətləri bazarının dərinləşdirilməsi, likvidliyin artırılması və kapital bazarının real sektor üçün alternativ maliyyələşmə mənbəyi kimi rolunun gücləndirilməsidir.
Azərbaycanın yerli fond indeksinin (səhm bazarının ölçülməsi üçün çox vacibdir) bazarın geniş olmaması səbəbi ilə illərdir bazarda nadir axtarılan göstərici olsa da, Bakı Fond Birjası müsbət xəbər kimi indeksinin yaradılması 2027-ci ildən planlaşdırıldığını deyir. Birja vurğulayıb ki, səhmlərin sayının artırılması və likvidliyin gücləndirilməsi gələcəkdə həm səhmlər, həm də istiqrazlar üzrə ticarət edilə bilən indekslərin bazara çıxarılması üçün əlverişli şərait yaradacaq.
ETF alətləri ilə bağlı isə bildirilib ki, mövcud qanunvericilik paylı investisiya fondlarının yaradılmasına imkan verir. ETF-lər üzrə hüquqi bazanın təkmilləşdirilməsi bazarın inkişafına əlavə dəstək verə bilər və bu istiqamətdə mərhələli yanaşma nəzərdə tutulur.
Birja əlavə edib ki, yeni texniki və metodoloji baza formalaşdırıldıqdan sonra istiqraz bazarında kütləvi ticarətin təşkili, likvidliyin artırılması və market-meyker mexanizminin tətbiqi planlaşdırılır. Azərbaycanda “TABADUL” platforması çərçivəsində məsafədən qoşulan investorlar üçün istiqraz seqmentinə çıxışı imkanı da olacaq.
“Bizim prioritetimiz yerli bizneslərin kapital bazarlarına çıxışını təmin etmək, onların uzunmüddətli və şəffaf maliyyələşmə mənbələrinə çıxış imkanlarını genişləndirməkdir.
Regiondakı digər platformalar müxtəlif beynəlxalq modellər tətbiq edə bilər, lakin bizim fokusumuz ölkə daxilində real sektorun kapital bazarı vasitəsilə inkişafını dəstəkləmək, yerli investor bazasını genişləndirmək və bazarın dayanıqlı şəkildə dərinləşməsini təmin etməkdir”- deyə, qeyd edilir.
BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov bu barədə Reuters-ə müsahibəsində deyib ki, “PAŞA Bank”ın Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə birlikdə bazarda təmsil olunması likvidlik üçün ikili mühərrik yaradacaq. O, investorların bir neçə “mavi fişka” (blue-chip) səhm arasında seçim edə bildikdə, investisiya simvolik deyil, strateji xarakter daşıdıqlarını deyib.







