Fevral ayının yekunlarına görə Səudiyyə Ərəbistanının neft ixracı demək olar ki, son üç ilin ən yüksək səviyyəsinə çata bilər. “Bloomberg” gəmi hərəkətinə dair məlumatlara istinadən yazır ki, bu artım əsasən İran ətrafında gərginliyin artması, qismən isə mövsümi amillərlə bağlıdır.
“Bloomberg”in məlumatına görə, fevralın ilk 24 günü ərzində Səudiyyə Ərəbistanının neft ixracı gündə 7,3 milyon barelə (b/g) yüksəlib ki, bu da 2023-cü ilin aprelindən bəri rekord göstəricidir. Əgər bu tendensiya ayın sonunadək davam edərsə, fevralın yekununda ixrac yanvar ayı ilə müqayisədə 400 min bareldən çox artmış olacaq.
İyunda ABŞ-nin İrana zərbələr endirdiyi vaxt Səudiyyə Ərəbistanı qısa müddətə neft hasilatını artırmışdı. Hazırda Donald Trampın İrana qarşı yeni hücum imkanını nəzərdən keçirdiyi bir vaxtda bazar əsas istehsalçıların addımlarını diqqətlə izləyir.
Səudiyyə Ərəbistanının neft ixracının artmasına mövsümi faktor da təsir edir. “Bloomberg” “Joint Organizations Data Initiative” (JODI) məlumatlarına istinadən bildirir ki, ölkədə elektrik enerjisi istehsalı üçün neft istehlakı iyun ayında pik həddə — gündə 674 min barelə çatır, dekabrda isə 210 min barelə qədər azalır.







