9 C
Baku
Thursday, December 12, 2024

Maliyyə və xammal bazarında “Brexit” zəlzələsi – TƏHLİL

Böyük Britaniyada ölkənin Avropa İttifaqından çıxması barədə referendumun ilkin nəticələri məlum olduqdan sonra maliyyə və xammal bazarlarında kəskin dəyişikliklər baş verib.

Əksər seçki dairələrindən gələn yekun nəticələrə görə, Britaniyanın Avropa İttifaqından çıxmasına səs verənlərin sayı daha çox olub. İlkin məlumatlardan dərhal sonra Britaniya funtu sürətlə ucuzlaşmağa başlayıb və qısa zaman ərzində funtun dollara qarşı məzənnəsi 10% azalaraq 1,33 səviyyəsinə düşüb. Bu son 30 ilin minimum göstəricisidir. Bundan əlavə avronun durumu da nisbətən pisləşib. Səhər saatlarında avronun dollara qarşı məzənnəsi 3% azalaraq 1,10 dollara düşüb ki, bu da təxminən 3 aylıq minimumdur.

“Brexit” tərəfdarlarının qalib gəlməsi ehtimalının güclü olduğu barədə xəbərlər yayıldıqdan sonra neftin qiyməti də düşməyə başlayıb. Səhər saatlarına “Brent” markalı neft əvvəlki günə nisbətən 6 faiz ucuzlaşıb. Nəhayət, daha bir əlamətdar göstərici – referendum xəbərləri qızılı bahalaşdırıb. Qızılın bahalaşma səviyyəsi əvvəlki günə nisbətən 5% təşkil edib və qiymət səhər saatlarında 1 329 dollara bərabər olub.

Əmin olmaq olar ki, bu yalnız başlanğıcdır – yaxın zamanlarda maliyyə, xammal və digər bazarlarında sarsıntılar davam edəcək. Çünki bütün bunlar yalnız ilkin yekunların təsiri altında baş verib, referendumun rəsmi yekunların elan edilməsindən sonra vəziyyət daha da ağırlaşacaq. Hələlik bilinmir, bu bir həftə, bir ay, bir rüb davam edəcək, amma Britaniyanın Avropa İttifaqından çıxmasının ilkin təsiri çox ciddi və dağıdıcı olacaq. Bunu hamı proqnozlaşdırıb və gözləyirdi. Referendumdan bir həftə əvvəl xarici investorlar Böyük Britaniyada maliyyə əməliyyatları ilə məşğul olan fondlardan bir neçə gün ərzində 1 mlrd. dollar həcmində vəsaiti geri çəkiblər. Sonra bu proses davam edib və əmin olmaq olar ki, indi də davam edir. Britaniyanın “Brexit” nəticəsində itkilərin həcmi üzrə hesablamalar müxtəlifdir, müxtəlif sahə və müddətləri əhatə edir, amma ən realı odur ki, referendumdan sonrakı ilkin dövr iqtisadiyyat üçün ən dağıdıcı olacaq. Artıq siyasətçilər və iqtisadçılar “Brexit”i Avropaya və onun taleyinə təsiri baxımından Almaniyanın birləşməsi ilə müqayisə edirlər. Amma əgər o hadisə pozitiv xarakter daşıyırdısa, indiki hadisə neqativ təsirə malikdir. Ən azı indi.

Bəziləri sual verir: ““Brexit”dən sonra nə baş verəcək? Müəyyən sarsıntılar müşahidə olunacaq, ingilislər müəyyən itkilərlə üzləşəcəklər, Britaniyadan investisiya axını və bir sıra müxtəlif neqativ hadisələr baş verəcək. Amma bu hadisə Avropa İttifaqı üçün dağıdıcı xarakter daşıyacaqmı? Referendumda “Brexit”ə səs verənlərin sayının və Britaniyanın Avropa İttifaqını tərk etmə ehtimalının artdığı zaman Avropa İttifaqının rəhbərliyi, rəsmiləri, iri maliyyə və investisiya qurumları, siyasi institutlar və s. tərəfindən daha sakit və ayıq bəyanatlar verilməyə başlanıldı. Onların ritorikasından başa düşülürdü ki, Aİ-nin rəhbərliyi “Brexit”in sarsıntılara səbəb olacağını anlayır. Yəni, bu heç də dünyanın axırı deyil, sonrakı dövr üçün tədbirlər planı artıq hazırlanıb və “Brexit” baş verəcəyi təqdirdə reallaşacaq.

Hazırda Avropanın inkişaf etmiş ölkələrindən Norveç, İslandiya və İsveçrə Avropa İttifaqına daxil deyil. İndi bu siyahıya Böyük Britaniya əlavə olunacaq. Ayrılma prosesi, Britaniyanın Aİ-nin institutlarından çıxması prosesi, əmək bazarında tarazlaşdırma, ticarət sahəsində yeni qaydalarına keçmək və sair bəlkə də illərlə davam edəcək. İqtisadi və siyasi sabitlik yalnız bundan sonra baş verə bilər. Böyük Britaniyanın iqtisadi və siyasi çəkisinə baxmayaraq, əvvəl-axır Avropa İttifaqı onsuz yaşamağa öyrəşəcək, amma Britaniya üçün bu prosesin mənfi təsiri daha çox ola bilər.
Qeyd etmək lazımdır ki, siyasi və iqtisadi proseslərdən başqa sosial sahədə də ciddi sarsıntılar gözlənilir. Məsələn, indi Avropa İttifaqı ölkələrinin vətəndaşlarının Britaniyada yaşamağı və işləməsi ümumi qaydalarla tənzimlənir, bundan sonra isə bunun üçün viza, işə razılıq, daimi yaşamağa razılıq və s. proseduralar tələb olunacaq. Bir çoxları buna aid olacaq tələblərə cavab verə bilmədiyi halda vətənlərinə qayıtmalı olacaqlar. Amma bu məsələ də əvvəl-axır öz həllini tapacaq. Rusiyanın ən məşhur iqtisadçılardan Qerman Qref belə bir fikir söyləyib ki, “Brexit”in uzunmüddətli təsirini indi proqnozlaşdırmaq çətin olsa da, referendumdan dərhal sonrakı dövrdə sarsıntılar ən ciddi olacaq. Fikrimizcə, ən real və ayıq proqnozdur. Proses artıq baş verir, valyutalar ucuzlaşır, neft ucuzlaşır, qızıl bahalaşır, yəni bütün mümkün olan neqativ hadisə və dəyişikliklər artıq başlayıb.

Bakı vaxtı ilə saat 10:00-da məlum olub ki, “Brexit”in tərəfdarları referendumda lazımi qədər səs çoxluğunu (16,7 mln. səs) artıq təmin ediblər. 382 seçki dairələrindən 376 dairə üzrə səslərin nəticəsi artıq məlumdur. Faktiki olaraq, qalan seçki dairələrindən gələcək səslər ümumi nəticəyə təsir etməyəcək. Beləliklə, Britaniyanın Avropa İttifaqından çıxışı rəsmən gerçəkləşmiş sayıla bilər. Maliyyə və xam mal bazarlarında sarsıntılar davam edəcək və proqnozlaşdırmaq olar ki, yaxın günlərdə dünya birjalarında çaxnaşma və uçurumlar müşahidə olunacaq.

Vahab Rzayev, APA

 

Son xəbərlər
Digər xəbərlər