Bu ilin sonuna kimi Azərbaycanda “Rəqəmsal Səyyah Vizası” və “Rəqəmsal İstedad Vizası” proqramları vahid platforma üzərindən tətbiq olunacaq.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, hesabat dövründə həmçinin “Xüsusi Vergi Rejimi”nin müəyyən edilməsi, sosial sığorta və rezidentlik üzrə güzəştlərin tətbiqi və xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılması nəzərdə tutulur.
Fəaliyyət Planına görə, innovasiya sahəsi üzrə ölkəyə cəlb edilən mütəxəssislər və onların ailə üzvləri üçün miqrasiya tələblərinin sadələşdirilməsi planlaşdırılır.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.






