Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladağı Fərmana əsasən, Azərbaycanın Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Fərmanda qeyd olunan məsələlərlə bağlı texniki məsələlərin kiçik bir hissəsini (1-2%) əhatə edən düşüncələrimi qısaca olaraq paylaşmaq istərdim.
– Fərmanda əks olunan məsələlərin həlli üçün yaradılacaq bu sahəni ağaca bənzətsək, kökü, gövdəsi və gövdənin fəaliyyətini təmin edən bir neçə mühüm budaqları, yəni sahələri olacaq;
– Fərmanda qeyd olunan hər bir sahənin bir-birlərini tamamlayan və dəstəkləyən bir şəkildə formalaşdırılması və inkişafı zəruridir. Yəni, burada düzgün sinerjinin qurulması səmərəliliyi və keyfiyyəti artıracaq əsas amillərdən olacaq;
– Məsələ təkcə hansısa mərkəz(lər)in qurulmasında deyil. Məsələ, dövlət qurumlarında qeyd olunan sahələrdə yanaşma, mentalitetin dəyişdirilməsi, data kültürünün, yeni standartların formalaşdırılmasıdır. 1.5 il bundan öncə bircə dövlət qurumunda cəmi bir dövlət qurumu səviyyəsində bunları həyata keçirməyə çalışarkən çox ciddi müqavimət və çətinliklərlə üzləşən biri kimi Fərmanın icrasının çətinliklərini tam olaraq dərk edirəm. Bu səbəbdən Fərmanın icrası zamanı reallıqları düzgün qiymətləndirmək, bu sahədəki mövcud çağırış və problemlərin üzərinə cəsarətlə getmək və qarşılaşılacaq müqavimətləri əzm və qətiyyətlə qırmaq lazımdır;
– Yeni yaradılacaq bu sahə tamamilə innovativ düşüncəli, geniş vizyona sahib, data analitikasını, dataların nə olduğunu, datalarda strukturlaşmanı, analitik təhlili, risklərin idarə olunmasını bilən təcrübəli kadrların cəlb olunması vacibdir;
– Məsələn, 5-10-15 nəfər data analitikdən ibarət güclü bir komanda formalaşır. Komandanın başına bu sahəni, o cümlədən analitik təhlili bilməyən və ya təcrübəsi olmayan şəxs qoyulur. Həmin şəxs yanlış iş bölgüsü, nə istədiyini dəqiq anlata bilməməsi, məsələləri düzgün bir şəkildə qoya bilməməsi səbəbindən işin səmərəsi və keyfiyyəti ölür, komanda da dağılır, həmin kadrı ora təyin edən CEO isə təqsiri özündə deyil, ya komandada görür, ya da data analitika bizdə effekt vermədi, kadrlar zəif oldu deyirlər. Bu sahə menecment və komandanın bir-birlərinin tamamlamağı tələb edən bir sahədir. Komanda ruhu, işini bilmək və sevmək, dürüstlük, bölüşmək, sinerji yaratmaq hər bir kadr üçün tələb olunan əsas xüsusiyyətlərdir;
– Dataların yığılması və mərkəzləşdirilməsinin təşkili asan proses deyil. Yüz ölçülüb bir biçilən qərarlar və formaların olması vacibdir. 3-4 çox vacib və həlledici nüanslar var. Onların gözdən qaçması sonrakı mərhələlərdə həmin dataların istifadəsini səmərəsiz edər;
– Bu sahələrdə praktik təcrübəsi olmayan mütəxəssislərin qarışdırdığı məsələlər var: məsələn, vahid hesabatlılıq başqa, vahid data reyestri başqadır. Və yaxud, data analitika başqa, analitik təhlil başqadır. Və yaxud, müxtəlif istiqamətlərdə çalışan və dataları müxtəlif olan dövlət orqanlarının data reyestrlərinin elə formatda təşkili vacibdir ki, həmin dataların birləşdirici (Primary Key, Foreign Key. SQL proqramında işləyənlər nə dediyimi yaxşı bilirlər) açarlarının (dataların) və reyestrin strukturunun düzgün formalaşdırılması mümkün olsun. Bu həlledici məqamlardan biridir. Nəzərə alaq ki, ölkəmizdə alışdığımız və geniş istifadə edilən bir çox hesabat və data formatları ümumiyyətlə yanlışdır.
Müəllif: Elman Sadıqov





