1 C
Baku
Saturday, December 14, 2024

Dünya təcrübəsində faizsiz bankçılıq

Müəllif: Royal Imanlı

Misirdə faizsiz bankçılıq

Misirdə bank sistemini Mərkəzi Bank tənzimləyir. 1961-ci ildə ölkədəki bütün banklar milliləşdirildi və onların fəaliyyəti Mərkəzi Banka əlavə olaraq yaradılan 5 kommersiya bankı ətrafında mərkəzləşdirildi.

Hal-hazırda isə ölkədə 67 bank fəaliyyət göstərir və onların əksəriyyəti özəl və xarici kapitalın iştirakı ilə yaradılmışdır. Onların bəziləri “investisiya bankı” statusu ilə fəaliyyət göstərmələrinə baxmayaraq geniş müştəri kütləsi ilə əməliyyatlar həyata keçirirlər. Bankların çoxu kiçik banklardır. Böyük bankların əlində aktiv və passivlərin 70%-i cəmlənmişdir. İqtisadi və struktur bərpası proqramlarının həyata keçirilməsində Misirin bank sektoru öz regionunda liderlik edir. Ölkənin bank sektorunda problemli kreditlərin vəziyyəti ciddidir. Girovlar aktivlərin təqribən yarısına bərabərdir. Banklar əsasən fiziki şəxslərin kreditləşdirilməsi, kapital bazarında əməliyyatlar, konsultativ (məsləhət) xidmətlər həyata keçirirlər.

Rəsmi şəkildə yaradılan ilk faizsiz bank 1963-cü ildə Misirin Mit Qamr qəsəbəsində yaradılmışdır. Buna əsaslanaraq Misiri faizsiz bankçılığın vətəni sayırlar. Bankın yaradıcısı Ahmed en-Neccar Almaniya praktikasından və sərmayəsindən istifadə etmişdir.

1965-ci ildə bankın 6, 1966-cı ildə isə 9 şöbəsi olmuşdur. Lakin Almaniyadan gələn dəstəyin kəsilməsi ilə bu bank 1977-ci ildə bağlanmışdır.
Misirdə bundan sonra 1971-ci ildə kapitalı və idarə edilməsi tamamilə hökumətə aid olan Nasir Sosial Bankını qurdu. Daha sonra səhm paketinin yarıdan çoxu (51%) Dar Al-Maal Al İslamiyə aid olan 40 milyon dollar nizamnamə kapitalına malik Faisal İslamic Bank qurulmuşdur.

Malayziyada faizsiz bankçılıq

Faizsiz bankçılıq konsepsiyası Malayziyada çox sürətlə və geniş yayılmağa başladı. Demək olar ki, Malayziya faizsiz bankçılığın iqtisadi inkişafa təsir göstərən dünyada ən qabaqcıl ölkədir. Artıq 1963-cü ildə  Müsəlman Zəvvarları üçün Əmanət Korporasiyası yaradıldı. Onun məqsədi Həccə getmək istəyənlərə əmanətlərin toplanmasında kömək etmək idi. Bu ideyanı 1959-cu ildə professor Ungku Aziz ortaya atmışdır.

1969-cu ildə bu qurum Pilgrims Management and Fund Board və yaxud malayziyalıların dili ilə desək “Tabunq Haci” adını aldı. Hal-hazırda o şəriətə uyğun olaraq gələcək zəvvarların əmanətlərini toplayan maliyyə şirkəti kimi fəaliyyət göstərir. O, bank deyil, amma ölkə iqtisadiyyatı üçün böyük institusional investordur. Malayziyada 1983-cü il 7 apreldə İslam Bankçılığı Aktı qəbul edildi və elə həmin il ilk faizsiz bank olan Bank İslam Malaysia Berhad (BİMB) təsis olundu. Tezliklə hüquqi və normativ baza yaradıldı. Dövlət sonrakı 10 il ərzində “yavaş-yavaş tələs” prinsipinə riayət edərək, yeni təşəbbüs irəli sürmür və BİMB-ə öz təcrübəsini artırmaq və analiz etməyə imkan verilir.

1993-cü ildə növbəti addım atılır və 4 Mart 1993 – cü ildə BMM “Skim Perbankan İslam” (İslam bankçılığı sxemi) adlı layihəyə start verilir. Bu proqrama əsasən mövcud banklar öz hazır infrastrukturu və filial şəbəkəsi ilə faizsiz bankçılıq xidmətləri göstərməyə başlayırlar. Mudaraba, Muşaraka, Murabaha, bai’bithaman ajil (Bai’ muacal), ijarah, Qard al-Hasar, Istisna və İjarah Thumma al bai kimi müxtəlif faizsiz bankçılıq anlayışları istifadə edən banklar 100-dən çox faizsiz maliyyə məhsulu və xidmətlərini təklif edirlər.

BİMB-in yanında yavaş-yavaş onlarla yeni “oyunçular” və 40-a yaxın müxtəlif növ xidmətlər yaranmağa başladı. 1990-cı illərdə də faizsiz bankçılıqla bağlı layihələr çox sürətlə artırdı:

1994-cü il 4 yanvarda faizsiz banklar və SPI institutlarını və onların alətlərini birləşdirmək üçün vasitəçi kimi İslami Banklararası Pul Bazarı yaradıldı.1996-cı ildə klassik banklarda faizsiz əməliyyatların adi hesabat formasında aparılması; faizsiz bankları və Takaful şirkətləri arasında şəriət qaydalarını nizamlaşdırmaq və eyniləşdirmək, islam normalarının tətbiqinə kömək üçün 1997-ci il mayın 1-də BNM faizsiz bankçılıq və Takaful üçün Şəriət Məsləhət Şurası yaratdı. Bu şura Malayziyada fəaliyyət göstərən bütün faizsiz banklar və Takaful şirkətlərinin işlə əlaqədar yarana bilən bütün şəriət məsələlərində məsləhət verə biləcək ən ali təşkilatdır.

1999-cı ildə isə tamamilə faizsiz bankçılıq əməliyyatlarını həyata keçirən ikinci təşkilat -Bank Muamalat Malaysia Berhad (BMMB) yaradılıdı. BMMB-nin yaradılması Bank Bamiputra Malaysia Berhad (BBMB) və Bank of Commerce (Malaysia) Berhad (BOCB)-ın birləşməsi nəticəsində oldu.

Birləşmə razılığına əsasən:
•    BBMB, BOCB və BBMB Kewangan Berhad (BBNBK)-nin faizsiz aktiv və passivləri BMMB-yə köçürüldü.
•    BBNB, BOCB və BBMBK-nın klassik bank əməliyyatları isə uyğun olaraq BOCB-a köçürüldü.

Beləliklə, XXI əsrin əvvəllərinə Malayziya faizsiz banklar və adi maliyyə institutlarının daxil olduğu “ikipilləli” bank sistemini tətbiq etdi.

Hal-hazırda Malayziyada 1983-cü il İslam Bankçılığı Aktı (İBA) altında 11 və SPI layihəsi üzrə 8 tam faizsiz fəaliyyət göstərən bankı fəaliyyət göstərir. Bunlardan başqa faizsiz bankçılıq məhsulları təklif edən investisiya bankları da fəaliyyət göstərir. Bir sıra faizsiz bankçılıq məhsulları təklif edən maliyyə institutları da mövcuddur.

BİMB “Faizsiz bankçılıqda qlobal lider”  olmağı qarşısına məqsəd qoymuşdur.

Türkiyədə faizsiz bankçılıq

1975-ci ildə İİB-nın qurucuları arasında olan Türkiyə 1984-cü ildə investisiya payını artıraraq qurumun ən böyük üzvlərindən birinə çevrilmiş və İİB-nin heyətində daimi üzvlük haqqını əldə etmişdir. Beləliklə, Türkiyə 56 islam ölkəsi arasında iqtisadi işbirliyi proqramlarının həyata keçməsində böyük rol oynayan, həcmi 1996-cı ildə 18 milyard dollara çatan və dünyada ön sıralarda gedən maliyyə qurumlarından biri olan İİB-də nüfuzunu artırmaq imkanı əldə etmişdir. Bununla bərabər, vəsaitlərini faizsiz sistemə uyğun olaraq dəyərləndirmək istəyən vətəndaşlara, kiçik və orta həcmli müəssisələrə xidmət etmək məqsədilə 1975-ci ildə qurulan və bu istiqamətdəki işlərini 1978-ci ilə qədər davam etdirən Dövlət Sənaye İşçi İnvestisiya Bankı ölkəyə vacib təcrübələr qazandırıb. Beləcə daxili və beynəlxalq aləmdə iqtisadi və siyasi inkişafla bərabər elmi fəaliyyətə paralel olaraq Türkiyədə faizsiz bankçılıq sisteminə yol verəcək ilk addımlar atılmağa  başlanmışdır.

16.12.1983 tarixli 83/7506 saylı qərarnamə ilə Türkiyədə faizsiz bankçılığın əsası qoyulmuşdur. Bu bankçılıq anlayışının əsas məqsədi iqtisadiyyata qoşulmayan “yastıq altında gizlədilən” vəsait xarici sərmayə ilə birlikdə milli iqtisadiyyatın inkişafına yönəldilməsidir. 25 fevral 1984-cü il tarixində Xəzinə və Xarici Ticarət Palatası, 21 mart 1984-cü il tarixində Türkiyə Respublikası Mərkəzi Bankının həyata keçirdiyi təbliğatlarla sistemin xırdalıqları öyrənilmişdir. Daha sonra müxtəlif təbliğ və tədqiqatlarla bu sistemin hüquqi və mövzu baxımında əsası tamamlanmışdır. İştirak bankları (İB) vəsait, iş həcmləri və layihələrinin həcmi ilə tez bir zamanda sürətlə inkişaf ediblər. Bu maliyyə qurumları yaranma tarixinə görə aşağıdakı sıra ilə düzülür:

•    Albaraka Türk İştirak Bankı, 1985;
•    Küveyt Türk İştirak Bankı, 1989;
•    Bank Asya, 1996;
•    Türkiye Finans İştirak Bankı, 2005.

Albaraka Türk və  Küveyt Türk İştirak Bankında xarici sərmayə üstünlük təşkil etdiyi halda, digər ikisi tamamilə yerli sərmayə ilə qurulub.
İştirak bankları dünyada 1985-ci ilə qədər sürətlə inkişaf etmiş faizsiz bankçılıq sistemini uğurla həyata keçirib, 1985-95 – ci illərdə milli iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb edən xarici sərmayənin ölkəyə gətirilməsində vacib rol oynayıblar. Ölkə daxilində qətiyyətlə və diqqətli şəkildə inkişaf edən İB şöbələrinin sayını sürətlə artırmış və ölkə iqtisadiyyatının xidmətinə 2 milyard dollar yönəldiblər.

Şərikli bankçılıq xidmətlərinin hamısını müştərilərinə faizsiz alternativlərlə təqdim edən İB “mənfəət və zərəri bölmə” prinsiplərinə uyğun olaraq, istər xarici valyuta, istərsə də türk lirəsi ilə topladıqları bu vəsaitləri əsasən özəl sektorun ticari fəaliyyətlərinin maliyyələşdirilməsində istifadə edirlər.
1999-cu ilin sonunda Türkiyə Banklar Qanununda dəyişikliklər edildi. Mühüm addımlardan biri kimi Xüsusi Maliyyə Qurumları Birliyinin yaradılması oldu. Hal-hazırda bu təşkilatın adı Türkiyə İştirak Bankları Birliyi (Türkiye Katılım Bankaları Birliği) adlanır.

İngiltərədə faizsiz bankçılıq

İngiltərədə maliyyə təşkilatları ölkədə ticarət və sənayenin inkişafına paralel olaraq inkişaf etmişdir. Ölkənin kredit sistemi aşağıdakı maliyyə təşkilatlarından ibarətdir:
-Mərkəzi Bank;
-kommersiya və  əmanət bankları;
-uçot evləri;
-ixtisaslaşdırılmış maliyyə təşkilatları.
-faizsiz banklar.

İngiltərədə banklar fəaliyyətlərini həyata keçirmək üçün Mərkəzi Bankdan lisenziya almalıdırlar.
Uçot evləri ingilis sənayeçilərinin qısamüddətli kredit ehtiyacını qarşılayan təşkilatlardır.

İxtisaslaşdırılmış maliyyə təşkilatlarına aşağıdakılar daxildir:
-sığorta şirkətləri;
-pensiya fondları;
-istehlak və inşaat sektoruna kredit verən təşkilatlar.

İngiltərədə fəaliyyət göstərən maliyyə təşkilatlarından biri də faizsiz banklardır.

1983-cü ildə İngiltərədə, mərkəzi Baham adalarında olan Islamic Finance House-un şöbə açmağına icazə verilmişdir. Bunu ölkədəki ilk faizsiz bank hesab etmək olar.

1997-ci ildən bəri İngiltərədə AUB-UK Manzil adı altında faiz daxil olmayan murabaha və icara əsaslı kreditlər təklif olunur. Lakin bu maliyyələşdirmə metodlarında məhsulun iki dəfə əl dəyişdirməsi İngiltərədə faizsiz mənzil krediti istifadəsində ikili vergi tətbiqinə səbəb olurdu. İngiltərə Mərkəz Bankı 2004-cü ildə tətbiq etdiyi qanunlarla faizsiz mənzil kreditlərində ikili vergi tətbiqini götürmüşdür. 2004-cü ildə sərbəst olaraq fəaliyyət göstərən ilk faizsiz bank da deyə biləcəyimiz Islamic Bank of Britain yaradılmışdır. Bu bankın 2007-ci ildə idarə etdiyi investisiyaların həcmi 135 milyon funt-sterlinq olmuşdur. Islamic Bank of Britain, 100.000 funt sterlinq və daha çox pula sahib investorlar üçün 1-24 ay müddətində sabit müddətlə fondlarına qoyula bilən xəzinə hesabları təklif edirlər.

Hal-hazırda İngiltərə 550 milyard dollarlıq əməliyyat həcmi ilə Avropada faizsiz bankçılığın əsas ölkəsidir. İngiltərədə həm Lloyds TBS, həm də HSBC Amanah faizsiz cari hesablar təklif edir. HSBC Amanah bir neçə il sonra İngiltərə Mərkəz Bankını razı salaraq faizsiz bankçılığa uyğun ev maliyyələşdirilməsinə başlamışdır.

Fars körfəzi ölkələrində faizsiz bankçılıq

Fars körfəzi ölkələri faizsiz bankçılıq sektorunda danılmaz mövqeyə malikdirlər. Faizsiz bankçılığın inkişafı üçün ilkin fikirlər neftin qiymətinin kəskin qalxmasından sonra bu ölkələrdə dövlət xadimlərinin və alimlərin təkliflərindən sonra yaranmışdır.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) faizsiz bankçılıq

BƏƏ-nin bank sisteminə daxildir:

-Mərkəzi Bank;
-Kommersiya bankları;
-Məhdud lisenziyalı banklar;
-İnvestisiya bankları;

BƏƏ mərkəzi bankı rəsmi fəaliyyətə 1980-ci il 10 №-li qanunla 11 dekabr 1980-ci ildə başlamışdır.

Ölkədə fəaliyyət göstərən kommersiya bankları faizlə və faizsiz fəaliyyət göstərən banklara bölünür.

Məhdud lisenziyalı banklar rezidentlərdən depoziti dirhəmlə qəbul edə bilməzlər, lakin xarici valyutada depozit qəbuluna heç bir məhdudiyyət qoyulmur. Bu bank həm rezidentə, həm də qeyri-rezidentə kredit verə bilər.

1980-ci il 10 №-li qanuna əsasən investisiya bankları depozitləri ən azı 2 il müddətə qəbul edən banklara deyilir.
BƏƏ-də faizsiz bankçılıq yolundakı fəaliyyət 1972-ci ildə başlayıb və 1975-ci ildə ölkədə ilk faizsiz bank olan Dubai İslamic Bank yaradılmışdır. Bu bank müasir formada fəaliyyət göstərən ilk faizsiz banklardan hesab olunur.

BƏƏ-nin qanunvericiliyində verilən borclara faizin tətbiq olunması ilə əlaqədar aşağıdakı şərtlər qoyulub:

•    Faiz yalnız kommersiya məqsədilə verilən borclara aiddir;
•    Faiz müəyyən həddə qədər tətbiq olunur, həmin həddi keçə bilməz;
•    Kommersiya məqsədi ilə verilməyən borclara faiz tətbiq oluna bilməz.

Küveytdə faizsiz bankçılıq

Küveytin bank sistemi aşağıdakı təşkilatlardan ibarətdir:
-Küveyt Mərkəz Bankı;
-Kommersiya bankları;
-İxtisaslaşdırılmış banklar;
-Faizsiz banklar;

Küveyt Mərkəz Bankı ölkənin bank sistemini tənzimləyən orqandır.

Ən böyük kommersiya bankı National Bank of Kuwait-dir.

Küveyt faizsiz bankçılığın inkişaf etdiyi ölkələrdən biridir. Ölkədə iki faizsiz bank fəaliyyət göstərir: Kuwait Finance House və Bank Boubyan.
Kuwait Finance House 1977-ci ildə qurulmuşdur və ölkənin ən böyük faizsiz bankıdır. 1991-ci ilədək bank 4 milyard dollar vəsaitlə dünyanın ən böyük faizsiz bankı olmuşdur.
Küveytdə 1980-ci ildə qəbul edilən qanuna əsasən kommersiya borclarına faiz tətbiq olunmasına icazə verildiyi halda, qeyri-kommersiya borclarına faizin tətbiqi qəti şəkildə qadağan olunmuşdur.

Bəhreyndə faizsiz bankçılıq

Bəhreyndə yaradılan ilk bank Eastern Bank-ın filialıdır (1920). 1944-cü ildə British Bank of Middle East yaradıldı. İlk yerli bank 1957-ci ildə qeydiyyatdan keçmiş Bank of Bahreyn-dir. 1960-cı ildə Arab Bank Limited yaradıldı. 1969-77 –ci illər arasında 15 kommersiya bankı yaranmışdır.

Ölkənin mərkəzi bankı rolunda Bəhreyn Pul-Kredit Agentliyi çıxış edir. Hal-hazırda bu təşkilat aşağıdakı lisenziyaların verilməsini həyata keçirir:
-Bütov kommersiya bankı lisenziyası;
-Offshore bankçılığı lisenziyası;
-İnvestisiya bankçılığı lisenziyası.

Ölkənin kommersiya bankları həm faizlə, həm də faizsiz fəaliyyət göstərir.
Bəhreyn offshore bankçılığın da inkişaf etdiyi ölkələrdən biridir.

Bəhreyn maliyyə baxımından çox güclü ölkədir. Ölkənin neft gəlirlərinin çox olması və faizsiz bankların fəaliyyətini tənzimləyən və onlara nəzarət edən qurumların çoxunun bu ölkədə yerləşməsi Bəhreyni faizsiz bankçılıq sferasında mərkəz halına gətirmişdir. İslami Maliyyə İnstitutlarında Mühasibat uçotu və Audit üzrə Təşkilat, İslam Reytinq Agentliyi, İslami Maliyyə İnstitutlarının Ümumi Şurası, Beynəlxalq İslam Maliyyə Bazarı Katibliyi və Likvidliyin İdarəedilməsi Mərkəzi Bəhreyndə yerləşir.

Bəhreyndə faizsiz banklar 1979-cu ildən yaranmağa başlamışdır. İlk qurulan faizsiz bank Bəhreyn İslam Bankıdır.
Al Baraka Qrupu: Al-Baraka Limited şirkəti, 11.03.1981 tarixində yaradılmışdır. Al-baraka qrupunun mərkəzi Bəhreynde yerləşir. Əlcəzair, Misir, İndoneziya, İordaniya, Livan, Pakistan, Cənubi Afrika, Sudan, Tunis və Türkiyədə müxtəlif qurumları mövcuddur.

Al-Baraka qrupu fəaliyyət göstərdiyi ərazilərdə maliyyə məhsul və xidmətləri təklif edirlər. Dünyanın 66 ölkəsində 500-dən artıq bankla müxbirlik şəbəkəsi qurmuşdur.
Al Baraka grupu maliyyələşdirmıə metodu olaraq, murabaha, mudaraba, lizinq, istisna və salamdan istifadə edir.

Səudiyyə Ərəbistanında faizsiz bankçılıq

Səudiyyə Ərəbistanının müasir bank sistemi 1920-ci illərin sonlarında formalaşmağa başlamışdır. Ölkədə açılan ilk bank Saudi Hollandi Bank olmuşdur (1927). 1948-52 – ci illərdə Fransadan Bank d’Indochine, ingilislərin British Bank of Middle East, Pakistanın National Bank of Pakistan və Misirin Bank Misr banklarının filialları açıldı. 1953-59 cu illərdə bu siyahıya Banque du Caire, First National City Bank və Banque du Liban əlavə olundu. 1952-ci ildə ölkədə Səudiyyə Ərəbistanı Pul Agentliyi (Saudi Arabian Money Agency – SAMA) yaradıldı. Bu təşkilat ölkənin mərkəz bankı rolunu oynayır. Ölkədə qərb prinsipləri ilə işləyən ilk yerli bank National Commercial Bank-dır.

Səudiyyə Ərəbistanının ilk faizsiz bankı Al Rajhi bankıdır. 1957-ci ildə yaradılmışdır. Cəmi 400 şöbəsi vardır ki, bunlardan 100-ü yalnız qadınlara xidmət göstərir. Qadınlar üçün təhsis olunan ilk şöbə 1979-cu ildə Alshmaisidə fəaliyyətə başlamışdır. Beynəlxalq səviyyəli təşkilatlardan İslam İnkişaf Bankı və İslam Banklarının Beynəlxalq Assosiasiyası bu ölkədə yerləşir.
Səudiyyə Ərəbistanında istehlakçı əmanətinin 75%-i, ümumi əmanətlərin isə 50%-i faizsiz bankçılıq hesablarında yığılmışdır.

Dar Al-Maal Al- İslam (DMI): özəl sektor layihələrinə maliyyə yardımı verə bilməyən İİB-in buraxdığı boşluğu doldurmaq üçün bəzi Səudiyyə Ərəbistanı, Kuveyt, BƏƏ və s. ölkələrdən olan varlı şəxslərin birliyi nəticəsində 1981 – ci ildə “Dar Al – Maal Al İslami” adlı holdinq quruldu. Mərkəz İsveçrənin Cenevrə şəhərində yerləşir.

DMI-nin nizamnamə kapitalı 1 milyard ABŞ dollarıdır.

DMI, maliyyələşdirmə metodlarından murabaha, mudaraba, müşaraka,  qard al – hasan ve lizinqdən istifadə edir.

Son xəbərlər
Digər xəbərlər