7 C
Baku
Monday, March 2, 2026

Reuters: Hörmüz boğazının hər iki tərəfində yüzlərlə tanker hərəkətini dayandırıb

Reuters-in xəbərinə görə, azı 150 tanker, o cümlədən neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmilər İran tərəfindən bağlanmış Hörmüz boğazının açıq dəniz tərəfində lövbər salıb. MarineTraffic platformasının gəmi hərəkəti məlumatlarına istinadən bildirilir ki, daha onlarla gəmi boğazın daxili tərəfində lövbər atıb.

Bir çox gəmi Fars körfəzinin əsas ölkələrinin, o cümlədən Küveyt və BƏƏ-nin müstəsna iqtisadi zonalarında dayanıb. Bu zona ərazi sularından (sahildən 12 dəniz mili) əlavə 24 milədək uzanır. Reuters yazır ki, regionun digər dövlətlərinin müstəsna iqtisadi zonalarında da onlarla gəmi dayanıb.

Şənbə günü, ABŞ və İsrailin zərbələrindən qısa müddət sonra İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağladığını elan edib. Bu boğazdan dünya neftinin təxminən 20%-i keçir; o cümlədən Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt və İranın hasil etdiyi neft. Həmçinin Qətərdə istehsal olunan böyük həcmdə LNG də bu marşrutla daşınır.

Məlumatlı mənbələrə istinadən Reuters yazır ki, bir sıra gəmiçilik şirkətləri, iri neft şirkətləri və treydinq evləri neft, neft məhsulları və LNG daşıyan tankerlərin Hörmüz boğazından keçidini dayandırıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi altında fəaliyyət göstərən Birləşmiş Dəniz İnformasiya Mərkəzi bildirib ki, “hazırda rəsmi dəniz orqanları tərəfindən boğazdan keçidin formal dayandırılması barədə məlumat verilməyib”. Bununla belə, dənizçilərə artmış hərbi-dəniz mövcudluğunu, gücləndirilmiş təhlükəsizlik tədbirlərini, VHF diapazonunda mümkün çağırışları, boğazdan kənardakı lövbər dayanacaqlarında sıxlığı və sığorta bazarında volatilliyi (qeyri-sabitliyi) nəzərə almaq tövsiyə olunub.

Bu gün İranın Skylight adlı neft tankerinə hücum etdiyi, gəminin raket zərbəsi nəticəsində zədələndiyi və batmağa başladığı bildirilib. Bundan əlavə, Al Jazeera MKD Voyager tankerində yanğın baş verdiyini xəbər verib.

Son xəbərlər
Digər xəbərlər