“JPMorgan Chase & Co.” analitikləri investorları Avropa neft-qaz şirkətlərinin səhmlərinə diqqət yetirməyə çağırır. Tövsiyə edilən şirkətlər arasında “Shell Plc” və “TotalEnergies SE” də var. Onların fikrincə, ABŞ-nin İrana endirdiyi zərbələr neft qiymətlərinin artımını dəstəkləyəcək.
Metyu Loftinq və Tyanuy Vu bildirirlər ki, bazarlar Hörmüz boğazı vasitəsilə tədarükün pozulması riskini qiymətlərə daxil edir. Qlobal neft və LNG tədarükünün təxminən 20%-i bu strateji marşrutdan keçir. ABŞ və İsrailin zərbələrindən sonra İran faktiki olaraq boğazı bağlayıb ki, bu da neft qiymətlərinin artmasına və dolların möhkəmlənməsinə səbəb olub.
Analitiklərin fikrincə, Avropanın iri neft şirkətlərinin səhmləri hazırda nisbətən aşağı qiymətləndirilmiş görünür, xüsusilə də onların neft qiymətlərindən asılılığı və dayanıqlı hasilat aktivləri nəzərə alınarsa.
“JPMorgan” “Shell” və “Galp Energia SGPS SA” üzrə “bazar göstəricisindən yüksək” reytinqini saxlayıb, “Eni SpA” üzrə tövsiyəni yüksəldib və “TotalEnergies” üçün reytinqi “neytral”dan “bazar göstəricisindən yüksək” səviyyəsinə qaldırıb. Bankın hesablamalarına görə, cümə günü bağlanış qiymətləri ilə müqayisədə potensial artım “Shell” üçün 17%, “Galp” üçün 15%, “Eni” üçün 12%, “TotalEnergies” üçün isə 11% təşkil edir. Dividend gəlirliliyi 4–6% aralığında qiymətləndirilir.
Enerji qiymətlərinin artımı fonunda bazar ertəsi “Stoxx 600″ indeksinin enerji subindeksi 2% yüksəlib. Liderlər sırasında “Equinor ASA”, “Galp”, “Var Energi” və “Repsol” olub. “Morgan Stanley” analitikləri isə ayrıca xəbərdarlıq ediblər ki, Fars körfəzindəki vəziyyət neft bazarının qısamüddətli perspektivlərini qeyri-müəyyən edir.
“JPMorgan” qeyd edir ki, neftin qiyməti hər barel üçün 10 dollar artdıqda Avropa neft şirkətlərinin sərbəst pul axını gəlirliliyi təxminən iki faiz bəndi yüksəlir. “Brent” markalı neftin qiyməti 100 dollar olduğu halda bu göstərici 15%-ə yaxınlaşa bilər.






