Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verilib.
Banker.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, sonuncu çıxışı zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı danışılan planlar artıq reallaşıb:
“Sonuncu dəfə çıxışım zamanı qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımıza toxunmuşdum. Gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb. Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır”.
İlham Əliyev deyib ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil:
“Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Biz qaz qəbul edən ölkələrin şaxələndirmə ilə bağlı üzləşdikləri çətinlikləri anlayırıq. Lakin, eyni zamanda, istehsalçı ölkələr üçün də şaxələndirmə mühüm amildir”.





