Səudiyyə Ərəbistanının neft-qaz şirkəti “Saudi Aramco” xam neftin Hörmüz boğazı vasitəsilə daşınmasından yayınmaq üçün alternativ ixrac marşrutlarını nəzərdən keçirir. Bu barədə “Reuters” sənaye mənbəsinə istinadən məlumat yayıb.
Söhbət, o cümlədən, krallığın şərq yataqlarını qərb sahilindəki terminal ilə birləşdirən neft kəmərindən istifadə edərək karbohidrogenlərin daha sonra Qırmızı dəniz vasitəsilə gəmilərlə daşınmasından gedir.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin daha əvvəl bildirdiyinə görə, “Saudi Aramco”nun Rəs-Tənnuradakı neft emalı zavodu vurulan pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində cüzi zərər görüb. Hadisə yerli bazarlara neft tədarükünə təsir göstərməyib.
Krallığın Müdafiə Nazirliyinin nümayəndəsi Türki əl-Maliki “Al Arabiya” telekanalına açıqlamasında bildirib ki, Səudiyyə hava hücumundan müdafiə sistemləri neft emalı zavoduna hücum etməyə cəhd göstərən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Onun sözlərinə görə, obyektdə kiçik yanğın baş verib, qalıqların bir hissəsi mülki obyektlərin yaxınlığına düşüb. Xəsarət alanlar barədə məlumat verilməyib.






