Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva dəfələrlə Yaxın Şərqdə sabitliyin pozulmasının neft və qaz qiymətlərinin artmasına səbəb olacağı barədə xəbərdarlıq edib.
Putin bu barədə Kremldə dünya enerji bazarındakı vəziyyətə həsr olunmuş müşavirədə danışıb.
“Rusiya dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə vəziyyəti destabilizasiya etmək cəhdləri qaçılmaz olaraq qlobal yanacaq və enerji sisteminə zərbə vuracaq”, – deyə Rusiya prezidenti qeyd edib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişə səbəbindən neft və qaz tədarükündə yaranan fasilələr beynəlxalq iqtisadi münasibətlər sisteminə mənfi təsir göstərir.
Kreml rəhbəri deyib ki, hazırda karbohidrogenlərin daşınması marşrutlarında ciddi logistik problemlər müşahidə olunur.
“Bu gün biz karbohidrogenlərin nəqli marşrutlarında logistik problemləri görürük və bunun qlobal istehsala, qlobal təchizat zəncirlərinə çox mənfi təsir etdiyini müşahidə edirik. Bu proses sənayeyə və mübaliğəsiz desək, bütün beynəlxalq iqtisadi münasibətlər sisteminə zərbə vurur”, – deyə Rusiya prezidenti qeyd edib.






