Yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkət “AzVirt” MMC 2024-cü ili 34.6 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü ilin eyni dövründəki 7.52 mln. manat xalis mənfəətlə müqayisədə təxminən 4.6 dəfə artımdır.
Banker.az xəbər verir ki, şirkətin yığılmış mənfəəti 2024-cü ilin sonunda 97.04 mln. manat olub.
2024-cü ildə “AzVirt”in illik inşaat gəlirləri 999.04 mln. manat təşkil edərək 2023-cü ilin 833.60 mln. manatı ilə müqayisədə 19.8% artıb. Eyni dövrdə inşaat xərcləri 878.91 mln. manata yüksələrək 2023-cü ilin 764.85 mln. manatı ilə müqayisədə 14.9% artıb. Ümumi əməliyyat xərcləri, o cümlədən ümumi və inzibati xərclər 52.39 mln. manat olub ki, bu da 2023-cü ilin 38.39 mln. manatı ilə müqayisədə 36.5% artım deməkdir.
“AzVirt”in aktivləri 2024-cü ilin sonunda 348.07 mln. manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 34% azalmadır. Aktivlərin əsas hissəsini qeyri-cari aktivlər (158.03 mln. manat) və cari aktivlər (190.04 mln. manat) təşkil edir.
Xatırladaq ki, “Azvirt” MMC-nin təsisçiləri “Martin Beteiligungs GmbH & Co KG”, Almaniya (30%), “Falcom Holding s.a.r.l”, Lüksemburq (25%), Elnur Əliyev (25%) və “Walz GmbH & Co KG”, Almaniya (20%). “AzVirt” MMC yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətdir.






