7 C
Baku
Tuesday, March 10, 2026

“Volkswagen” 2030-cu ilə qədər 50 min işçini ixtisar edəcək

Almaniyanın avtomobil konserni “Volkswagen Group” xərcləri azaltmaq məqsədilə 2030-cu ilə qədər Almaniya üzrə 50 min iş yerini ixtisar etməyi planlaşdırır. Bu barədə şirkətin illik hesabatında bildirilib.

Konsernin 2025-ci maliyyə ili üzrə məlumatlarına görə, Almaniyadakı zavodlarda işçi sayının və istehsal güclərinin azaldılması sayəsində xərclər 1 milyard avro azaldılıb. “Volkswagen” rəhbərliyi 2030-cu ilə qədər hər il xərcləri 6 milyard avro azaltmağı planlaşdırır.

2024-cü illə müqayisədə 2025-ci ildə konsernin mənfəəti 53,5% azalaraq 19 milyard avrodan 9 milyard avroya düşüb, ümumi satışlar isə 0,2% azalıb.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə şirkətin maliyyə nəticələrinin pisləşməsi Şimali Amerika və Çində satışların müvafiq olaraq 10% və 8% azalması, həmçinin ABŞ tərəfindən tətbiq edilən idxal rüsumları və istehsalla bağlı olmayan xərclərin artması ilə əlaqədardır.

2024-cü ilin sonunda uzun danışıqlardan sonra konsern və həmkarlar ittifaqı restrukturizasiya proqramı üzrə razılığa gəlib. Bu proqram 2030-cu ilə qədər Almaniyada 35 min iş yerinin ixtisarını nəzərdə tuturdu. İndi isə şirkət rəhbərliyi əlavə işçi ixtisarları həyata keçirmək qərarına gəlib.

Son xəbərlər
Digər xəbərlər