Beynəlxalq Enerji Agentliyi (BEA) neft bazarını sabitləşdirmək məqsədilə tarixdə ən böyük həcmdə neft ehtiyatlarının buraxılmasını təklif edib. Bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) yazır.
Qəzetin məlumatına görə, BEA-nın təklifi agentliyin 2022-ci ildə bazara buraxdığı 182 milyon barel həcmindən də artıqdır. Qərarın 11 mart tarixində qəbul ediləcəyi gözlənilir. Təklifin təsdiqlənməsi üçün təşkilata üzv olan bütün 32 ölkənin razılığı tələb olunur.
BEA-nın rəhbəri Fatih Birol martın 10-da bildirib ki, agentlik neft ehtiyatlarının buraxılması imkanını müzakirə etmək üçün üzv ölkələrin fövqəladə iclasını çağırır. Onun sözlərinə görə, son günlər neft bazarında vəziyyət pisləşib.
Fransanın iqtisadiyyat və maliyyə naziri Rolan Leskür isə qeyd edib ki, G7 ölkələri BEA-dan neft ehtiyatlarının istifadəsi ilə bağlı ssenari hazırlamağı xahiş ediblər.





