13 C
Baku
Saturday, November 23, 2024

Potensial problem

Müəllif:Yeganə Məmmədova,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Evdə, işdə, küçələrdə müxtəlif yollarla gözümüzü qamaşdıran reklamlar bir ağızdan “kreditə …”, – bağıraraq bizi müxtəlif əşyalar almağa şirnikləndirir. Avtomobildən, mənzildən, mebeldən tutmuş müxtəlif ətirlərə qədər…  Faizli və faizsiz… Ən münasib şərtlərlə və s. Hazırda elə adam tapmaq çətindir ki, heç bir krediti olmasın. İlk baxışdan çox sadə və rahatdır. 

 Bunun görünməyən tərəfləri də var. Belə ki, hər dəfə bankdan növbəti krediti götürdükdə onun qaytarılmasının da vacib olduğunu düşünməyən kəslər nəticədə Puşkinin “Qızıl balıq” nağılının personajına çevrilir.

  Qaytarılmayan kredit dedikdə, adətən elə vəziyyət başa düşülür ki, bu zaman kreditor-bankla müştəri-borcalan arasında əməkdaşlıq borcalanın öz borc öhdəliyini yerinə yetirmək qabiliyyətində olmaması səbəbindən mümkün deyil.

“Qaytarılmayan kredit” adı sizdə borca götürülən vəsaitin qaytarılmaması mümkünlüyü fikrini yaradırsa, əlbəttə ki, yanılırsız. Borca götürülmüş vəsaitin banka qaytarılması prosesi dayandırılırsa, bu artıq ödənilməmiş kreditdir.

Nə etməli?

Əgər kredit üzrə götürülən vəsait hər hansı müddətdə qaytarılmırsa, deməli, bu borc üzrə peni və cərimə artıq hesablanır və yəqin ki, sizin borclarınızla hər hansı xüsusi orqan və ya bankın təhlükəsizlik xidməti məşğul olmağa başlamışdır. Burada iki variant mümkündür. Birinci variant nağıla bənzər və qeyri realdır. Belə ki, kreditin müddətinin keçməsi anlayışı mövcuddur. Çox nadir hallarda rast gəlsək də, bu, 3 il ərzində kreditorla borcalan arasında heç bir kommunikasiya prosesi olmayanda, bank məhkəməyə müraciət etdikdə və bunun nəticəsi olmadıqda mümkündür. Çox az da olsa, tarixdə belə hadisələr olub.

İkinci variant budur ki, siz bilərəkdən və ya bilmədən problemli kredit sahibinə çevrilmisinizsə, bankın onu müxtəlif üsullarla sizdən alacağı ana qədər onu ödəməyə cəhd edin. Belə ki, siz krediti qaytarmayacaqsızsa, bank təşkilatına qarşı mübahisədən qalib çıxmağınız qeyri-mümkündür, burada sizə heç dünya böhranı da kömək edə bilməz.

Bu gün vəziyyət yaxşı tərəfə dəyişir, çünki banklar arasında rəqabət artır və müvafiq olaraq kreditlər üzrə dərəcələr endirilir. Lakin bir çox maliyyə təşkilatları bu sualı ikinci dərəcəli hesab edirlər – onların fikrincə, əsas odur ki, müştəri hər ay ödəyəcəyi məbləği və onu hansı müddətdə ödəyib qurtaracağını bilsin. Bu tələyə çox müştəri artıq düşüb. Siz məbləğin dərəcəsini dəqiq bilməlisiniz və vaxtınız sərf olunsa da, özünüz bunu hesablamalısınız.

 Əfsus ki, hamı qanuna riayət etmir – və beləliklə siz artıq pul ödəməli olursunuz. Borcverənə bildirmək lazımdır ki, bu sahədə siz hüquqi cəhətdən hazırlıqlısınız və bu qanunun müvcud olduğunu bilirsiz. Hesabın yaxud kartın açılması üçün, başqa hər bir xidmətlər üçün sizdən heç nə almamalıdırlar. Bundan başqa, yadda saxlayın ki, reklamda aşağı faizlər göstərilibsə, bank ona müvafiq olaraq işləməlidir və sonra müştəridən əlavə pul tələb etməməlidir.

Yüksək faizlə verilən kreditlərin geri qaytarılması imkanları olduqca məhduddur. Banklar qısa müddətdə daha çox gəlir əldə etmək üçün yüksəf faizlə kreditlər verirlər. Nəticədə bank müştəriləri aldıqları kreditləri geri qaytarmaqda çətinlik çəkirlər.

Bu, məsələnin bir tərəfidir. Borcalanın aldadılmaması üçün bəzi məsələləri açıqladıq. Bəs o biri tərəf?
Borcverən tərəf verdiyi borcu vaxtında ala bilmirsə?…

Hazırda ölkəmizdə fəaliyyət göstərən bankların üzləşdiyi əsas problemlərdən biri verilən kreditin müəyyən həcminin geri qaytarılmaması ilə bağlıdır. Bu sahədə uzun müddətdir çətinliklər yaşanır. Fəaliyyət göstərən kommersiya banklarının böyük əksəriyyəti analoji problemlə bu gün qarşı-qarşıyadır.

Azərbaycan Mərkəzi Bankının statistik bülletenindən görürük ki, 2005-ci ildə Azərbaycanda 1441,0 mln. manat  kredit verilmiş, bunun 68,2 mln. manatı vaxtı keçmiş kreditlər olmuşdur.
2011-ci  ilin onuncu ayı ərzində 9776,2 mln. manat (milli valyutada 6150,2 mln. manat, xarici valyutada 3625,9 mln. manat)  kredit verilmişdisə,  bunun 626,5 mln. manatı  vaxtı keçmiş borclar olmuşdur. 6 ildən sonra bu göstəricilər arasındakı fərq göz qabağındadır.

Xeyli müddətdir kommersiya qurumları müştərilərdən keçmiş kreditləri geri qaytarmaq yollarını axtarır. Amma bu sahədə hələ ciddi uğura nail ola bilməyiblər. Aldığı krediti vaxtında banka qaytara bilməyən müştərinin bəzi hallarda xaricə köçməsi bankirlər üçün daha ciddi problem yaradır. Yəni bu zaman həmin müştəri də əldən çıxır,  alınan pulun geri qaytarılmasına olan azacıq ümidlər də puç olur. Müştərinin bu haldan sui-istifadə etməsinə yol verməmək üçün bir sıra bank mütəxəssisləri onun xaricə köçməsinin qarşısının alınması istiqamətdə durmadan işləyirlər.

 Krediti qaytara bilməyən vətəndaşların ölkədən çıxmasına qadağalar qoyulsa belə, bu, problemli kreditlərin həll edilməsi demək deyil.Vətəndaşın ödəmə imkanı yoxdursa, onun ölkədə qalıb-qalmamasının heç bir əhəmiyyəti olmayacaq.

Aydın məsələdir ki, müştərinin məsuliyyətsizliyi də alınan kreditin geri qaytarılmasında problemə gətirib çıxarır. Ola da bilsin ki, müştəri həqiqətən krediti geri qaytarmaqda acizdir, o, müflisləşib. Amma bu halda qanunverici baza məsələnin həllinə yardımçı olmalı və müştərinin əmlakının satın alınması yolu ilə də olsa, kredit geri qaytarılmalıdır.
Bəli, əziz oxucu, ola bilər yorduq sizi. Amma hərdən atalarımızın da sözlərini yada salın, onlara əməl edin. Belə ki, atalar çox yaxşı deyib: “Yorğanına bax, ayağını uzat”. Hamıya borclardan azad gəzib rahat nəfəs almaq arzusu ilə.

Son xəbərlər
Digər xəbərlər