Yaxın Şərqdə hərbi münaqişə regionun turizm sənayesinə gündə təxminən 600 milyon dollar ziyan vurur. Bu barədə “Financial Times” Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatlarına istinadən yazır.
WTTC-nin sədri Qloriya Qevara bildirib ki, hətta qısamüddətli fasilələr belə turizm istiqamətləri, bizneslər və region üzrə çalışan işçilər üçün sürətlə böyük iqtisadi itkilərə səbəb ola bilər. FT yazır ki, münaqişə başlamazdan əvvəl Ümumdünya Səyahət və Turizm Şurası 2026-cı ildə xarici turistlərin Yaxın Şərqdə təxminən 207 milyard dollar xərcləyəcəyini proqnozlaşdırırdı.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İran İslam Respublikasından qaynaqlandığı iddia olunan raket və nüvə təhlükəsi ilə əsaslandırıb. Zərbələr nəticəsində İranın ali lideri ayətullah Əli Xamenei və ölkə rəhbərliyində olan bir sıra digər mühüm şəxslər həlak olub.
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu cavab olaraq genişmiqyaslı əməliyyat həyata keçirdiyini və İsraildəki obyektlərə zərbələr endirdiyini bildirib. ABŞ obyektləri də Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyada hücuma məruz qalıb.
Sonradan İran İslam Respublikasının Ekspertlər Şurası həlak olmuş ayətullahın oğlu Müctəba Xameneinin ölkənin yeni ali lideri seçildiyini açıqlayıb.






