Yaxın Şərqdə gərginliyin artması fonunda Cənub-Şərqi Asiya ölkələri mümkün neft böhranına hazırlaşır. Ölkə hökumətlərinin gördüyü tədbirlər arasında dörd günlük iş həftəsinin tətbiqi və əməkdaşların məsafədən işləməyə keçirilməsi də var. Bu barədə “Financial Times” (FT) yazır.
Filippində prezident administrasiyası bir çox dövlət qurumlarında dörd günlük iş həftəsinin tətbiq olunmasına göstəriş verib. Hökumət rəsmilərə həmçinin elektrik enerjisinə qənaət etmək üçün rəsmi səfərləri yalnız zəruri hallarla məhdudlaşdırmağı tövsiyə edib.
Tailand hökuməti dövlət qurumlarının əksəriyyətində əməkdaşların evdən işləməsi barədə qərar verib. Vyetnam şirkətləri məsafədən işi təşviq etməyə, əhalini isə birgə avtomobil səfərlərinə və ya velosipeddən istifadəyə üstünlük verməyə çağırıb. İndoneziya isə yanacaq subsidiyalarına ayrılan vəsaiti artıracağını bildirib.
Vyetnam hökuməti həmçinin neft emalı zavodlarına və ölkənin bütün neft təchizat zəncirinə yeni neft mənbələrinin axtarılması və bazara fasiləsiz tədarükün təmin olunması üçün tədbirlər görməyi tapşırdığını açıqlayıb.
FT yazır ki, neft qiymətlərinin yüksəlməsi yanacağı subsidiyalaşdıran Asiya ölkələrinin büdcə kəsirini xeyli artıra bilər. İqtisadçıların fikrincə, bu həm də inflyasiya təzyiqini gücləndirəcək və mərkəzi bankları iqtisadi artımı stimullaşdıra biləcək faiz endirimlərindən çəkinməyə məcbur edə bilər.
Nəşrin məlumatına görə, Filippin, İndoneziya, Tailand və Vyetnamın bəzi bölgələrində artıq neftin panik alışları başlayıb.
Enerji qiymətləri ABŞ və İsrailin 28 fevralda İrana hücum etməsindən sonra artmağa başlayıb. Buna cavab olaraq İran Fars körfəzində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib və faktiki olaraq Hörmüz boğazını bağlayıb, nəticədə dünya üzrə neft tədarükünün təxminən 17%-i bazardan çıxıb.
Martın 9-da Brent markalı neftin qiyməti bir barel üçün 114 dollara qədər yüksəlib.





