6 C
Baku
Wednesday, March 11, 2026

Almaniya milli neft ehtiyatının bir hissəsini bazara çıxarır

Almaniya İrandakı müharibə nəticəsində dünyada neft və yanacaq qiymətlərinin kəskin artması ilə əlaqədar milli neft ehtiyatının bir hissəsini bazara çıxarır. Ehtiyatların bazara çıxarılması qiymət artımını zəiflətmək məqsədi daşıyır.

Bu barədə Almaniyanın iqtisadiyyat və enerji naziri Katerina Rayxe keçirdiyi brifinqdə məlumat verib.

“Neft tədarükü ilə bağlı vəziyyət gərgindir, çünki Hörmüz boğazı hazırda demək olar ki, keçilməzdir. Dünya bazarlarında neftin qiyməti 30 faizdən çox artıb. Bu, xüsusilə Almaniyanın üzvü olduğu Beynəlxalq Enerji Agentliyindəki (IEA) tərəfdaş ölkələrə təsir göstərir”, – deyən nazir bazarda qıtlıqla bağlı narahatlıq aradan qalxarsa qiymətlərin də sabitləşəcəyini bildirib.

Beynəlxalq Enerji Agentliyinin ötən gün üzv dövlətlərə 400 milyon barel (54 milyon ton) neft ehtiyatını istifadəyə buraxmağı təklif etdiyini vurğulayan nazir qeyd edib: “Biz bu tələbi yerinə yetirəcək və öz töhfəmizi verəcəyik. Çünki Almaniya Beynəlxalq Enerji Agentliyinin ən vacib prinsipi olan qarşılıqlı həmrəyliyə sadiqdir”.

Nazirin sözlərinə görə, Almaniya bazara 2,64 milyon ton neft çıxarmağı planlaşdırır.

Qeyd edək ki, IEA-nin 32 üzv dövləti agentliyin təklifini dəstəkləyərək bazara 400 milyon barel xam neft çıxarmağı qərara alıb. Bu, IEA tarixində ən böyük neft ehtiyatından istifadə olacaq. Sonuncu böyük istifadə Rusiya-Ukrayna müharibəsinin əvvəlində baş vermişdi. Həmin vaxt bazara 182 milyon barel neft çıxarılmışdı.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər