9 C
Baku
Friday, March 13, 2026

Neft qiymətləri bir neçə ay yüksək səviyyədə qala bilər

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başa çatdıqdan sonra belə neftin yüksək qiyməti ən azı bir neçə ay davam edə bilər. Bu barədə ekspertlərə istinadən “Politico” yazır.

Nəşr hərbi münaqişədən sonra neft qiymətlərinin tez bərpa olunmayacağına dair beş səbəb göstərir. Birinci səbəb Hörmüz boğazındakı məhdudiyyətlərdir. Marşrutun tezliklə bərpası mümkün deyil: boğazın hər iki tərəfində yığılıb qalan tanker sıxlığının aradan qaldırılması üçün ən azı iki həftə tələb olunur. Bundan sonra isə Qətər, Bəhreyn, İraq və Səudiyyə Ərəbistanı daxil olmaqla Yaxın Şərq ölkələrində neft və qaz hasilatının yenidən bərpa olunması lazımdır.

İkinci səbəb isə ABŞ prezidenti Donald Trampın münaqişəni təkbaşına dayandıra bilməməsidir. Danışıqlara hazır olmadığını bildirən İran regionun enerji obyektlərinə zərbələri gücləndirir. Materialda qeyd olunur ki, “İran rəsmiləri yanacaq qiymətləri yüksək qaldığı müddətdə Trampın ölkə daxilində üzləşdiyi siyasi təzyiqi yaxşı anlayırlar”.

Üçüncü səbəb regionda eskalasiyanın davam etməsidir. Tehran Hörmüz boğazını minalamağa başlayıb ki, bu da tədarükün bərpasını daha da çətinləşdirə bilər. Dördüncü amil isə İranın Fars körfəzində neft tankerlərinə və neft anbarlarına zərbələridir.

Beşinci səbəb kimi isə Yaxın Şərqdə ABŞ və İsrailə qarşı mübarizədə İrana dəstək vermək istəyən çoxsaylı qruplaşmalar göstərilir. “Politico” qeyd edir ki, ABŞ tərəfindən öldürülən ayətullah Əli Xamenei təkcə İranın lideri deyil, ümumilikdə şiə müsəlmanlarının da lideri idi və onun Yəmən, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Pakistan və Əfqanıstan daxil olmaqla regionun müxtəlif ölkələrində tərəfdarları var idi.

ABŞ rəsmiləri isə enerji qiymətlərində artımın müvəqqəti olduğunu bildirirlər. ABŞ-ın energetika naziri Kris Raytın sözlərinə görə, qiymət dalğalanmaları “aylarla deyil, həftələrlə” davam edəcək. Ağ evin mətbuat katibi Karolin Levitt isə bildirib ki, uzunmüddətli perspektivdə bu hərbi əməliyyat “qaz qiymətlərinin azalmasına gətirib çıxaracaq”.

Martın 12-nə keçən gecə İran qüvvələri region boyunca neft obyektlərinə fəal zərbələr endirib. Həmin vaxt iki tanker də daxil olmaqla altı gəmi, həmçinin Omanda böyük yanacaq anbarı və Bəhreynin şimalındakı yanacaq rezervuarları hücuma məruz qalıb. Bu hadisələr neft qiymətlərinin kəskin artmasına səbəb olub — qiymət bir barel üçün 100 dollara çatıb. Artım həm Brent, həm də ABŞ-nin WTI markalı neftinə təsir edib.

Son xəbərlər
Digər xəbərlər