9 C
Baku
Friday, March 13, 2026

The Economic Times: Hindistan ABŞ ilə ticarət sazişinin imzalanmasını təxirə salıb

Hindistan Vaşinqtonun beynəlxalq ticarət sahəsində başlatdığı yeni araşdırmaya görə ABŞ ilə ticarət sazişinin bağlanmasını bir neçə ay təxirə salıb. Bu barədə mənbələrə istinadən “The Economic Times” qəzeti yazıb.

Mənbələrin sözlərinə görə, Hindistan ABŞ prezidenti Donald Trampın administrasiyasının 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi çərçivəsində yeni araşdırmaya başlamasından sonra Vaşinqtonla ticarət sazişinin imzalanmasına tələsməmək qərarına gəlib. Araşdırmanın məqsədi ölkələrdə məcburi əməyin istifadəsi ilə istehsal olunan malların idxalına qarşı kifayət qədər qaydaların olub-olmadığını müəyyənləşdirməkdir.

Qəzet qeyd edir ki, Hindistan hakimiyyəti bu səbəbdən Vaşinqtonla yekun sazişin bağlanmasına tələsmir və milli iqtisadiyyat üçün mümkün nəticələri təhlil etməyə davam edir.

Fevral ayında Hindistan və ABŞ ticarət sazişinin ilk hissəsi üzrə işlərin başa çatdığını elan etdikləri birgə bəyanat yayımlamışdılar. Bu sənəddə yer alan müddəaların hüquqi sənədə çevrilməsi və tərəflərin onu mart ayında imzalaması planlaşdırılırdı.

ABŞ Ali Məhkəməsi 20 fevralda ABŞ prezidentinin beynəlxalq fövqəladə vəziyyətlə bağlı iqtisadi səlahiyyətlər haqqında qanuna istinad edərək digər ölkələrə qarşı idxal rüsumları tətbiq etməsini səlahiyyət həddinin aşılması kimi qiymətləndirib. Bundan sonra Amerika lideri bütün ölkələrdən idxala 10% rüsum tətbiq edən fərman imzalayıb və daha sonra bu rüsumların 15%-ə qaldırılmasını nəzərdən keçirdiyini bildirib. ABŞ-yə idxala tətbiq edilən 10%-lik qlobal rüsumlar 24 fevralda qüvvəyə minib və bu tədbir 150 gün — 24 iyuladək qüvvədə olacaq.

Son xəbərlər
Digər xəbərlər