Reuters: Qlobal enerji bazarının bərpası İrandan asılıdır

Ötən həftə “Saudi Aramco” alıcılara bildirib ki, apreldə nefti hansı limandan göndərəcəyini hələ bəlli deyil. Buradan aydın olur ki, qlobal enerji bazarında qüvvələr nisbəti dəyişib: indi bir çox məsələlər İrandan asılıdır, ABŞ-dən deyil. Bu barədə “Reuters” yazır.

Şirkətdən məktub aldıqdan sonra Səudiyyə neftinin daimi alıcılarından biri belə deyib:
“İrana zəng edib müharibənin nə vaxt bitəcəyini soruşa bilərdim ki, neftimi nə vaxt alacağımı anlayım”.

Onun sözləri enerji sektorunda getdikcə geniş yayılan fikri əks etdirir: ABŞ və İsrail müharibənin bitdiyini elan etsə belə, enerji bazarlarının nə vaxt bərpa olunacağını əsasən İran müəyyən edəcək.

ABŞ prezidenti Donald Tramp dəfələrlə bildirib ki, ABŞ sürətlə inkişaf edən münaqişədə qələbəyə yaxındır, lakin onun səsləndirdiyi müddətlər bir neçə gündən bir neçə həftəyə qədər dəyişir.

ABŞ və İsrailin zərbələrinə cavab olaraq İran Hörmüz boğazında gəmilərə dron və raketlərlə hücumlar etməyə başlayıb. Dünyada neft və mayeləşdirilmiş təbii qaz tədarüklərinin təxminən 20%-i bu dar dəniz dəhlizindən keçir. Hücumlar faktiki olaraq tankerlərin hərəkətini və dünya üzrə neft emalı zavodları, neft-kimya müəssisələri və elektrik stansiyaları üçün yanacaq tədarüklərini dayandırıb.

Yaxın Şərq və Qərbdəki enerji şirkətlərinin rəhbərləri xəbərdarlıq edirlər ki, hətta döyüşlər dayansa belə, təkcə ABŞ-nin təhlükəsizlik zəmanətləri tədarüklərin bərpası üçün kifayət etməyəcək.

Onların sözlərinə görə, İranın ucuz pilotsuz aparatları istehsal və tətbiq etmək qabiliyyəti o deməkdir ki, ölkə müharibə formal olaraq bitdikdən sonra da uzun müddət gəmiçiliyi pozmağa qadir olacaq.

Tramp artıq bildirib ki, ABŞ tankerləri Hörmüz boğazından keçərkən müşayiət etmək üçün hərbi konvoylar göndərə bilər və müttəfiqləri əməliyyata qoşulmağa çağırıb.

Lakin Fars körfəzi ölkələrində enerji sektorundan yüksək vəzifəli bir rəsmiyə görə, əgər Vaşinqton və İsrail Tehranla gəmilərə hücumların dayandırılması şərtləri barədə razılığa gəlməsə, hərbi müşayiət bazarı normal vəziyyətə qaytarmayacaq. Onun sözlərinə görə, İran təhlükəsiz keçidə zəmanət verməyincə şirkətin tankerləri limanlarda qalacaq.

“Chatham House” analitiki Neil Quilliam hesab edir ki, “əgər ABŞ və İsrail İranın qəbul etmədiyi şərtlərlə qələbə elan etsə, Tehran məğlub olmadığını göstərmək üçün mina və dron hücumlarını gücləndirəcək”.

Tehranın müttəfiqləri olan Yəməndəki husilər vəziyyəti daha da gərginləşdirə bilər. Onlar Səudiyyə Ərəbistanının Qırmızı dənizdə yerləşən Yanbu Port limanına hücum edə bilər. Bu liman krallığın neft ixracı üçün faktiki olaraq yeganə alternativ marşrut sayılır.

Etimadın dağılması

İraq hökumətinin enerji üzrə müşaviri hesab edir ki, böhran tədarük marşrutlarına olan etimadı sarsıdıb və regionun enerji sisteminin zəif tərəflərini üzə çıxarıb. Onun sözlərinə görə, infrastrukturun bərpası aylarla davam edə bilər, yük sığortası isə xeyli bahalaşacaq.

Hücumlar artıq Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və İsraildə neft emalı zavodlarının dayanmasına səbəb olub. Bu da neft və qaz qiymətlərinin təxminən 60% artmasına gətirib çıxarıb.

“Morgan Stanley” analitikləri hesab edir ki, hətta münaqişə tez başa çatsa belə, bazardakı fasilələr bir neçə həftə davam edə bilər.

Beynəlxalq neft şirkətlərinin də Fars körfəzinə qayıtmağa tələsməyəcəyi gözlənilir. “Rapidan Energy Group” analitikləri xəbərdarlıq edirlər ki, bu, yataqların yenidən işə salınmasını gecikdirə və anbarların zədələnməsi riskini artıra bilər.

Dəniz yollarının bağlanması artıq istehsalçıları hasilatı azaltmağa məcbur edib. “Saudi Aramco” iki böyük dəniz yatağında hasilatı dayandırıb və bununla OPEC-in ən böyük istehsalçısının hasilatı təxminən 20% azalıb.

OPEC-də ikinci ən böyük istehsalçı olan İraq hasilatı təxminən 70%, üçüncü yerdə olan BƏƏ isə onu demək olar ki, iki dəfə azaldıb. Ümumilikdə Yaxın Şərqdə neft hasilatı gündə 7–10 milyon barel azalıb ki, bu da dünya tələbatının 7–10%-nə bərabərdir.

Bu arada, Qətər mayeləşdirilmiş təbii qaz istehsalını tam dayandırıb və bununla qlobal LNG tədarükləri təxminən 20% azalıb. Müştərilərə artıq xəbərdarlıq edilib ki, tədarüklər may ayına qədər bərpa olunmaya bilər.

Sektor nümayəndələrindən biri bildirib: “Burada hər şey çox sadədir — məsələ təhlükəsizlikdədir. Biz insanların həyatını riskə ata bilmərik”.

Son xəbərlər
Digər xəbərlər