2026-cı ilin yanvar ayında idxal olunan malların qiymətləri 2025-ci ilin dekabr ayındakı səviyyə ilə müqayisədə artım göstərib. İdxal qiymət indeksi ümumilikdə illik müqayisədə 32.5% artım göstərib.
Banker.az xəbər verir ki, bu 2025-ci ilin dekabrında 26.6% illik artım vardı.
2026-cı ilin yanvar ayında idxal qiymətləri qarışıq dinamika göstərib. Diri heyvanlar və heyvan mənşəli məhsulların qiymətləri 8% artaraq əvvəlki ayın 15.6%-lik səviyyəsindən aşağı olub. Bitki mənşəli məhsullar 13.3%-ə düşüb, qida və tütün məhsulları isə 20%-ə yüksəlib. Mineral məhsulların qiymətləri 2.0%-ə qalxaraq öncəki ayda qeydə alınan 1.2% deflyasiyanı əvəz edib. Qeyri-üzvi kimya məhsulları 37.5% ucuzlaşıb. Tekstil və hazır toxuculuq məhsullarında artım 35.2%-ə çataraq dekabrın 38.8%-indən aşağıdır. Maşın və avadanlıqların idxal qiymətləri 45.2% artıb, yerüstü və üzən nəqliyyat vasitələri 19.9%, qiymətli və qeyri-qiymətli metallar isə 24.5%-ə yüksəlib.
Əvəzində, Azərbaycanın xaricə ixrac etdiyi məhsullar isə illik müqayisədə 7.9% deflyasiya – ucuzıaşmaə ilə üzləşib. Bununla belə bu unudulmamalıdır ki, ölkənin əsas ixrac məhsulları neft-qaz yanvarda fevral və martla müqayisədə çox ucuz idi. Hazırda karbohidrogen məhsulları öncəki aylarla müqayisədə 50-60 faiz arası yuxarıdır.
Bu Azərbaycan Mərkəzi Bankının tez-tez dilə gətirdiyi göstəricidir. AMB-nin bildirdiyinə görə, hələ bu idxal inflyasiyanı manatın ABŞ dollarına qarşı 1.7 nisbətində sabit qalması neytrallaşdırır. Ölkədə idxal inflyasiyası illik inflyasiyanın mühüm komponentidir.
AMB-nin baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.5%, 2027-ci ildə isə 4.0% olacağı gözlənilir. 2026-cı il üçün inflyasiya proqnozu azaldılma istiqamətində dəyişdirilib. Halbuki, oktyabrda bu proqnoza görə 2026-cı ildə inflyasiyanın 5.7% olacağı gözlənilirdi.
Mərkəzi Bankın 4 fevral iclasında idxal inflyasiyası ilə bağlı demək olar ki, öncəki iclaslarla müqayisədə dəyişməz gözlənti açıqlanıb. AMB bildirmişdi ki, bu riskin reallaşması ticarət tərəfdaşlarında inflyasiyanın dinamikası, qlobal əmtəə qiymətlərinin istiqaməti, eləcə də nominal effektiv məzənnənin dəyişkənliyi kimi faktorlardan asılı olacaq. 2026-cı ildə başlıca daxili risk faktoru isə daxili xərc amillərinin gözləniləndən çox reallaşması ola bilər.
Bu arada, qlobal geosiyasi gərginlik və enerji bazarlarında qiymət artımı Azərbaycanda idxal inflyasiyasının yüksəlmə ehtimalını artırır. Azərbaycan Mərkəzi Bankı bildirir ki, Yaxın Şərqdəki son hadisələr enerji təchizatında riskləri gücləndirir və neft-qaz qiymətlərinin kəskin dəyişkənliyinə səbəb olur. Hazırkı şəraitdə dəqiq proqnoz çətindir, uzunmüddətli qiymət dinamikası isə qlobal iqtisadi artım, OPEC+ qərarları və enerji səmərəli texnologiyalardan asılıdır. Hörmüz boğazındakı risklər Brent neftinin qiymətini 100–120 dollar səviyyəsinə qaldırıb; analitiklər münaqişə uzansa, qiymətin 140–200 dollara qədər arta biləcəyini bildirirlər. Yüksək enerji qiymətləri həm qlobal inflyasiya təzyiqini artırır, həm də bəzi iqtisadiyyatlarda resessiya riskini gücləndirir.
Qeyd edək ki, 4 fevralda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.
Dövlət Statistika Komitəsinin yanvar ayı üzrə açıqladığı illik inflyasiya dekabrda 5.2 faizdən 5.7 faizə yüksəlib, fevralda da eyni səviyyədə qalıb. Hazırda bu göstərici Azərbaycan Mərkəzi Bankının hədəf çərçivəsinin yuxarı həddi olan 6%-ə yaxın olsa da, tənzimləyici bunu “nəzarət altında” olduğunu bildirir.
İstehsalçı qiymətləri indeksi (PPI) isə düşməkdə davam edir və ölkənin illik inflyasiyası ilə fərqli istiqamətdə hərəkət edir. Məsələn, DSK-nin məlumatına görə istehsalçılar üçün xərclər illik müqayisədə bu ilin yanvarında 11.6% ucuzlaşıb. Dekabrda isə illik müqayisədə PPI 9.6 faiz ucuzlaşmışdı.







