2025-ci ildə Azərbaycanda istixana təsərrüfatlarının sayı və ümumi sahəsi azalması ixracda da özünü göstəririr. Cari ilin ilk aylarında pomidorun ixrac həcmi öncəki ildən azdır.
Banker.az xəbər verir ki, 2026-cı ilin ilk iki ayında xaricə 22.31 min tonluq təzə pomidor (tomat) ixrac edilib. Bu öncəki ildə qeydə alınan 22.74 min tondan 2% azdır.
Ötən il ölkədə ümumi sahəsi 1.5 min hektar olan 2 995 istixana fəaliyyət göstərib. 2024-cü ildə isə 1.6 min hektar sahəni əhatə edən 3 037 istixana mövcud idi. Beləliklə, son bir ildə istixanaların sayı 42 ədəd, ümumi sahə isə 100 hektar azalıb. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin sonunda ölkədə 3 228 istixana fəaliyyət göstərirdi.
İstixanalarda əsas məhsullardan olan pomidor istehsalı da azalıb. 2025-ci ildə istixanalarda 156.8 min ton pomidor istehsal olunub ki, bu da 2024-cü ildə qeydə alınmış 224.9 min ton göstərici ilə müqayisədə 68.1 min ton azdır. 2023-cü ildə isə 268.9 min ton istixana pomidoru yetişdirilmişdi.
Daxildəki istixanaların istehsalı azaltması daxili bazardakı qiymətləri də kəskin qaldırıb. Məsələn, keçən il rəsmi olaraq istixana pomidorunun yanvarda 1 kiloqramı 2.32 manat idisə, bu il qiymətlər 3.19 manata yüksəlib – illik təqribən 36 faizə yaxın artımdır. Müşahidə etdiyimiz mənzərə isə daxili bazarda mart ayndakı qiymətlər demək olar ki, minimal olaraq 4 manat üzərindədir.
Xiyar istehsalı 11.6 min tondan 7.5 min tona düşərək 4.1 min ton azalıb. Limon istehsalı 55 tondan 52 tona enib. Baş soğan istehsalı demək olar ki, sabit qalaraq 22.3 tondan 22.2 tona düşüb.
Rayonlar üzrə məhsul istehsalında 2025-ci ildə əsas payı Xəzər, Şəmkir, Abşeron, Salyan, Sabunçu, Binəqədi, Kürdəmir, Samux, Xızı, Tovuz və Hacıqabul rayonları verib.
Bununla yanaşı, Azərbaycanın təzə pomidorun orta ixrac qiyməti bir ton üçün 1 113.46 dollar təşkil edib ki, bu da 7.56% azalma deməkdir.
İxracın coğrafi strukturunda əsas pay Rusiyaya məxsus olub – 2026-cı ilin yanvarında bu ölkənin ümumi ixracda payı təxminən 92% təşkil edib. Digər istiqamətlər arasında Belarus 3.9%, Polşa 2.7%, Gürcüstan 1.3%, Ukrayna isə 0.1% paya malik olub. Bu da göstərir ki, pomidor ixracı hələ də böyük ölçüdə bir bazardan – Rusiyadan asılı olaraq qalır.







