Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?

Azərbaycanda dövlətə 8 milyon manat vergi borcu olan sahibkarla bağlı qərar ləğv edilib.

Ali Məhkəmə prokurorun protestini və mülki iddiaçı – Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədovun şikayətini əsaslı hesab edib.

Sahibkar Arif Asif oğlu Yusifov taxıl, qarğıdalı, evkalipt yağı, süd əvəzediciləri və sair kimi malların idxalı və ölkə ərazisində satışı ilə məşğul olub. O, əsasən Rusiya Federasiyasından, Qazaxıstandan və müəyyən miqdarda Türkiyədən malları idxal edib satışını həyata keçirib.

Bu fəaliyyət nəticəsində Yusifovun dövlətə 8 milyon 464 min manat vergi borcu yaranıb. Həmin borc ödənilmədiyi üçün sahibkar cinayət məsuliyyətinə cəlb edilib.

İşə əvvəlcə Nərimanov Rayon Məhkəməsində baxılıb. Lakin məhkəmə verilmiş ittihamla razılaşmayıb. Hökmə əsasən, təqsirləndirilən şəxsin əməli daha yüngül maddəyə tövsif edilib, ona 1 il 11 ay islah işləri cəzası verilib. Mülki iddiada tələb olunandan daha az – 77 min 258 manat vergi borcu müəyyənləşib.

Amma apellyasiya instansiyasından keçən hökm Ali Məhkəmədə ləğv edilib. Məhkəmə işlə yenidən tanış olduqdan sonra prokuror və mülki iddiaçı tərəfinin etirazlarını əsaslı sayıb. Nəticədə əvvəlki qərar tamamilə ləğv edilib, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Beləliklə, yeni məhkəmə baxışında Arif Yusifovun dövlətə nə qədər borcunun olması yenidən mübahisələndiriləcək.

Son xəbərlər
Digər xəbərlər