Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manatdan 13750 manata qaldırılır.
Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Baş prokurorun birinci müavininin aylıq vəzifə maaşı 12650 manat, Baş prokurorun müavininin aylıq vəzifə maaşı 12100 manat müəyyən edilib.
Qeyd olunan vəzifə maaşları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsinə uyğun olaraq əməyin beşinci ödəniş pilləsinə əsasən müəyyən edilib.
Baş prokurora və onun müavinlərinə ali xüsusi və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş vəzifə maaşından, habelə pul təminatından (əməkhaqqından) hesablanan üstəlik əlavələr və birdəfəlik ödənişlər şamil edilmir. Baş prokurora və onun müavinlərinə, ali xüsusi və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə xidmət ilindən asılı olaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsi ilə müəyyən edilmiş əməyin ödəniş pillələri üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsala bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilib və tam ədədə (sonuncu rəqəmi “0” və ya “5” olmaqla) yuvarlaqlaşdırılıb.
Müəyyən edilib ki, bu Fərman qüvvəyə minənədək bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş şəxslərə ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər onların bu Fərmanla müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.
Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.







