ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın nəticəsində Birləşmiş Ştatların İranın neft resurslarına çıxış əldə edə biləcəyini istisna etməyib.
Tramp bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Bu, bir variantdır. Mən bu barədə danışmazdım. Amma bu, bir variantdır”, – hərbi əməliyyatlar başa çatdıqdan sonra Amerika tərəfinin İranın neft ehtiyatlarına çıxış əldə etmək niyyətində olub-olmaması barədə suala cavab verərkən Tramp qeyd edib.
Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Tehran Vaşinqtona xoşməramlı jest olaraq 10 neft tankeri verməyi vəd edib.
“Onlar dedilər: [danışıqlarda] ciddi olduğumuzu sizə göstərmək üçün səkkiz neft gəmisi, səkkiz böyük neft gəmisi əldə etməyinizə icazə verəcəyik. Bu, iki gün əvvəl idi. Sonra daha iki tanker. Beləliklə, cəmi 10 gəmi”, – Amerika lideri iddia edib
O həmçinin əməliyyat zamanı ölkə prezidenti Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırıldığı Venesueladakı son hadisələrlə də paralel aparıb: “Venesuelada hər şey bizim üçün çox uğurlu alındı… Biz milyardlarla və milyardlarla dollar əldə etdik”, – Tramp vurğulayıb.
Daha əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə “Hizbullah” arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.






