ING: Azərbaycan Mərkəzi Bankı növbəti qərarlarında uçot dərəcəsini azaltmayacaq

Azərbaycan Mərkəzi Bankı növbəti qərarlarında uçot faiz dərəcəsini azaltmayacaq.

Banker.az xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group”dan bildirilib.

Hesabatda qeyd olunub ki, mövcud inflyasiya riskləri fonunda Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini azaltması üçün əlavə imkan yoxdur. Qeyd olunub ki, qlobal və daxili inflyasiya təzyiqləri, xüsusilə ərzaq qiymətləri və tarif artımları monetar yumşalma üçün əsas məhdudlaşdırıcı amillərdir.

ING-in analitikləri vurğulayıb ki, 2025-ci ildən etibarən inflyasiya 5–6% intervalında qalır və 2026-cı ilin əvvəlində daxili kommunal tarif dəyişiklikləri səbəbindən yenidən artım müşahidə olunub. Eyni zamanda, Azərbaycanın idxalının əhəmiyyətli hissəsinin Yaxın Şərqdəki geosiyasi gərginlikdən təsirlənən regionlardan formalaşması inflyasiya üzrə yuxarı riskləri artırır.

Hesabatda bildirilib ki, monetar siyasətin daha da yumşaldılması yalnız inflyasiyanın gözlənilməz şəkildə aşağı düşməsi halında mümkün ola bilər. Lakin hazırkı şəraitdə belə bir ssenari əsas gözlənti kimi qiymətləndirilmir.

Qeyd edək ki, AMB uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını sabah, yəni aprelin 2-də açıqlayacaq. Bundan əvvəl, AMB fevral ayının 4-də faiz dəhlizinin bütün parametrlərini 0.25 faiz bəndi azaldıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər