Ukrayna Yaponiyadan $1,3 mlrd maliyyə dəstəyi alıb

Yaponiya hökuməti Ukraynaya “Extraordinary Revenue Acceleration” (ERA) proqramı çərçivəsində 1,3 milyard dollar maliyyə yardımı təqdim edib. Bu proqram dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə olunan faizlər hesabına 2042-ci ilə qədər ödənişlərin həyata keçirilməsini nəzərdə tutur. Bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko öz “Telegram” kanalında məlumat verib.

Bu, ERA proqramı çərçivəsində Yaponiyadan Ukraynaya verilən ikinci maliyyə tranşıdır. Ümumilikdə, Yaponiya 2022-ci ilin fevralından bəri Ukraynaya 10,7 milyard dollar maliyyə yardımı göstərib.

Yaxın aylarda Ukrayna maliyyə çətinlikləri ilə üzləşə bilər. Buna səbəb Macarıstanın baş naziri Viktor Orbanın Kiyevə ayrılması planlaşdırılan 90 milyard avroluq maliyyənin bloklanmasıdır. Aİ-nin 2026 və 2027-ci illər üçün Ukraynaya 90 milyard avro (60 milyard avro silahlanmaya, 30 milyard avro isə büdcə ehtiyaclarına) ayırması 2025-ci ilin dekabrında keçirilən sammitdə razılaşdırılmışdı. Bu plan Rusiya aktivlərinin təxminən 200 milyard avro həcmində müsadirə edilərək Ukraynadakı münaqişənin maliyyələşdirilməsinə yönəldilməsi ideyasına alternativ olaraq hazırlanmışdı.

Son xəbərlər
Digər xəbərlər