Başımızın daxili proseslərə qarışdığı bir vaxtda Yaxın Şərq, regionumuz (Cənubi Qafqaz) və ölkəmizin bu ilin ikinci yarısından başlayaraq növbəti illərdə taleyinə ciddi təsir göstərəcəyi ehtimalı yüksək olan qlobal hadisələr dövrünü yaşayırıq.
İqtisadçı-ekspert Elman Sadıqov yazır:
İran ətrafında (qeyd: təkcə İran ətrafında deyil) baş verən hadisələr aprel ayında özünün kulminasiya həddinə çatır. Yəni, bundan sonra düyün ya açılacaq, ya da hadisələr ağılalmaz nəticələr doğuracaq! Hətta İranın bir neçə şəhərinə kiçik həcmli atom silahının atılması (ikinci Yaponiya təcrübəsi) fikirlərinin mətbuata ötürülməsi ciddi siqnal idi. Hətta hansı şəhərlərində hansı günlərdə küləyin hansı istiqamətlərdə əsməsi ilə bağlı araşdırmalar haqqında məlumatlar sızdırılır, Çernobıl Atom Elektrik Stansiyasının partlamasının ətraf ölkələrə çox təsir etməməsinin (sual: faktiki təsir etməməsi, yoxsa etməməsi təbliğatı) səbəblərinə toxunulur və sair;
– Bir neçə dəfə dediyim kimi, ABŞ/İsrail və İran arasında olan müharibə Rusiya və Ukrayna arasında olan müharibənin tərs güzgü effektidir. Ölkələrin cəbhələşməsini təhlil etdikdə görə bilirik!
– hadisələrin gedişatı göstərir ki, Yaxın Şərqin İsrailin nüfuz dairəsinə necə və hansı əraziləri, ölkələri əhatə edərək keçməsi məsələsində tam razılıq yoxdur! Yəni, Britaniya ABŞ/İsrailin İrana qarşı müharibəsinə qoşulmur, bundan sonra İspaniya, İtaliya, Fransa da bu müharibəyə qarşı daha aydın mövqe nümayiş etdirirlər, Britaniya və Aİ mövqeləri tam üst-üstə düşməyə başlayır və sair;
– Trampın ən böyük səhvi İran müharibəsinə müttəfiqlər qazanaraq deyil, müttəfiqlərini itirərək daxil olmasıdır. Tramp Kanada, Qrenlandiya məsələləri, Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi ilə Britaniya və Avropanı aşağıladı. Rusiya-Ukrayna müharibəsində Britaniya və Avropaya öz probleminizi özünüz həll edin deyən ABŞ İranla özünün müharibəsində eyni fikri eşitməli idi. Tarixi və diplomatik qanunauyğunluqdur!
– müharibənin ilk 3 günündə şoka düşən İran qısa müddətdə necə toparlanıb dünya iqtisadiyyatını və Yaxın Şərqi xaosa sürükləmək məqsədi güdən addımlar ata bildi? Əlbəttə, özünü tək hiss etmədi. Rusiya və Çinin müxtəlif sahələrdə dəstəkləri məsələnin görünən tərəfi idi. Britaniya pərdə arxasından “mənimlə hesablaşmamaq böyük səhvdir” mesajını verdi;
– bütün bu deyilənləri daha da aydınladan 2 fakta nəzər salaq. Birinci fakt odur ki, Britaniya Kralı II Charles aprelin sonlarında Kral kimi ABŞ-yə ilk rəsmi səfərə gedəcək. Trampın Britaniyaya rəsmi səfərini xatırlasaq bunu cavab səfəri kimi də qəbul etmək olar. Lakin… bu səfər təsdiqləndiyi saatdan etibarən qlobal neft bazarlarında, ritorikalarda, bəyanatlarda yumlaşmalar hiss olunmağa başladı. Bu səfər həm də Trampın ziddiyyətli və getdikcə sərtləşən ritorikası fonunda gündəmə gəldi. İkinci fakt odur ki, BlackRock CEO-su Larry Fink Türkiyəyə gəlir və Türkiyə Prezidenti cənab Erdoğanla mediaya poz verərək görüşür. İkili görüş mətbuata bağlı olsa da, Türkiyənin enerji xətləri sahəsində tranzit ölkə kimi rolunun artırılması və Yaxın Şərqdə mövqeyinin gücləndirilməsi ilə bağlı dünya (təkcə Türkiyə mətbuatıa deyil) mətbuatına məlumatlar sızmağa başladı. Yəni, Yaxın Şərqin, o cümlədən enerji və digər marşrut, lojistik xətlərin yenidən dizaynı gündəmə gəlir və növbəti hədəf Türkiyədir fikirləri gündəmdən çıxır!
– digər tərəfdən Şimal-Cənub marşrutu yenidən aktuallaşır;
– Nə üçün Türkiyə? Türkiyənin indiyə qədər tutduğu mövqe real və praktik olaraq (ritorika və bəyanatlar mətbuat və ictimaiyyət üçündür) heç kimə qarşı olmamaq və kimsənin yanında görünməmək kimi incə diplomatik bir mövqe oldu. Britaniya siyasətini xatırladan incə mövqe;
– Çinin mövqeyinə fikir versək… oxşar mövqedir!
– Yeri gəlmişkən, qeyd olunur ki, əslində İranla müharibə həm də Çinin enerji qidalanmasını (Çin başda olmaqla Asiya ölkələri nefti əsasən Körfəz ölkələrindən alırlar ki, bu da Hörmüz Boğazından keçir) nəzarət altına almaqdır. Doğruluq payı var, amma tam elə deyil. Yaxın Şərqdə ABŞ/İsrail nəzarətinin tam olaraq həyata keçirilməsi Fransa (Afrika və Yaxın Şərqdən uzaqlaşdırılan Fransa artıq gedişatla barışdığı üçün həmişə rəqabətdə olduğu Britaniyanın yanında mövqe tutmağa məcbur olub) və Britaniyanı uzaqlaşdırmaq idi. Fransadan fərqli olaraq Britaniyanın xüsusilə qlobal iqtisadiyyat və ABŞ-nin maliyyə və monetar sistemlərində gücü çox böyükdür. Britaniya özünün uğurlu layihəsi hesab etdiyi Çini kritik anlarda qoruyur. Rusiyaya təsir imkanları yüksəkdir. Avropa İttifaqı Britaniya ilə sinxron hərəkət edir. Hələ mən Kanada, Avstraliya kimi ölkələrlə bağlılıq dərəcəsini demirəm. Hamımız bilirik!
Əslində bu pazzılın çoxlu hissələri var və hamısına toxunmaq istəməzdim.
Yeni Düzənin qurulması çox mürəkkəb proseslərdən keçəcək və hələ bu xəmir çox su aparacaq fikrini bir daha təkrar edərək qeyd edim ki, bu prosesləri 2014-cü ildən indiyə qədər dərindən izləməyimin 2 səbəbi var: 1) Qlobal iqtisadiyyata təsirləri və istiqamətlərin müəyyən olunması, proqnozlaşdırılması; 2) Ölkəmizə təsirləri. İkinci səbəblə bağlı bir xatırlatma: Brexitin 2018-2019-cu illərdə xüsusilə ARB24 kanalında müzakirələri və yazdığım yazılarda təkrar-təkrar dediyim bir fikir var idi ki, Brexit-in nəticələrini elə ən çox biz və regionumuz hiss edəcək. Bu dəfə də oxşar fikri səsləndirim ki, ABŞ/İsrail və İran arasındakı müharibənin necə başa çatmağından asılı olmayaraq ən çox təsirlənən regionlardan biri biz olacağıq!
İstər Amerika qitəsi olsun, istər Asiya, istərsə də Yaxın Şərq, qlobal siyasətdə və bazarlıqlarda bir çox məsələlərə yenidən qayıdılmasının şahidi olacağıq. Dünya Düzənində regionların mövqelərinə yeni baxışlar formalaşmağa başladı.
Gələk hadisələrin ölkəmizə təsirlərinə
Qısamüddətli, primitiv təsirləri (neft və qazın qiymətlərinin artması əlavə valyuta və gəlir gətirir və sair) haqqında danışıldığı üçün təkrar etməyəcəm. Xüsusilə ərzaq inflyasiyası (gübrə və dizel qiymətlərinin artması məhsuldarlığa birbaşa təsir göstərən amillərdir) bu qısamüddətli gəlirlərin bir hissəsini yeyəcək və daha böyük risklər formalaşdıra bilər (stres test nəticələri ilə bağlı son yazılarımın birində bu məsələyə toxunmuşdum). Amma məsələ bunlar da deyil. Məsələ, ölkəmiz və regionumuz üçün formalaşmaqda olan şans və imkanlar, o cümlədən risklərdir. Bizim bundan sonrakı istiqamətimiz həmin şans və imkanları dəyərləndirib yaranmaqda olan riskləri yumşaltmaq siyasətimizdədir!
Yəqin ki, “Blackrock” rəhbəri Lari Finqin investisiya qoyuluşları və ölkələrlə əməkdaşlıqlar zamanı dəyişən yanaşmalarla bağlı fikirlərini xatırlayırsınız. Bu il Davos Forumu haqqında yazdığım məqalələrdən birində qeyd etdyim kimi, “əgər Davos Forumunun əsas fiqurlarından, moderator və fikir yaradıcılarından biri Lari Finq oldusa, deməli bununla bağlı dünyaya çox önəmli bir mesaj verildi“.
Öncələr dəfələrlə səsləndirdiyim digər bir fikrimi bir daha təkrar etmək istərdim: “Hazırda ölkəmiz təkcə neft və qaz deyil, həm alternativ enerji, həm də böyük həlledici marşrutların, qlobal layihələrin mərkəzindədir. Biz bu imkanları düzgün şəkildə həzm etməliyik. Biz daha çox bu marşrutların özünə fokuslanmışıq. Hərçənd ki, o marşrutlardan gələcək gəlirlər neft satışından itirəcəklərimizin heç 1/3-ni kompensaiya etməyəcək. Əksinə, növbəti mərhələlərdə o marşrutlardan gələn gəlirlərin bir hissəsi elə o marşrutların özlərinə xərclənəcək. Bizim əsas məqsədimiz həmin marşrutların, qovşaqların bizə gətirdiyi sözün həqiqi mənasında böyük şanslardan istifadə edərək iqtisadiyyatımızın digər sahələrini canlandırmaq olacaq. Bunun üçün isə gedişatı düzgün əks etdirən, aydın Vizyon, həmin Vizyona çatmaq üçün düzgün Strategiya və həmin Strategiyanı həyata keçirmək üçün praqmatik, praktik və peşəkar şəkildə formalaşdırılmış taktikaları əhatə edən aydın Vahid Proqrama ehtiyacımız var!






