ABŞ-nin müttəfiq ölkələri əgər prezident Donald Tramp münaqişənin nizamlanması çərçivəsində bu məsələyə diqqət yetirməzsə, Vaşinqtonun iştirakı olmadan Hörmüz boğazının açılması üzrə plan hazırlamağa başlayıblar. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat verib.
Nəşrin məlumatına görə, bu məsələ 2 aprel tarixində Böyük Britaniyanın təşkil etdiyi və 40-dan çox ölkənin nümayəndələrinin iştirak etdiyi görüşdə müzakirə olunub. London görüş zamanı Avropa, Yaxın Şərq və Asiya ölkələrini, eləcə də Avstraliya və Kanadanı İranla diplomatik əməkdaşlıq imkanlarını və mümkün sanksiyaları nəzərdən keçirməyə çağırıb. Bloomberg yazır ki, əgər Tehran Hörmüz boğazını açmağa razılaşmasa, sanksiyalar tətbiq oluna bilər.
Mənbələrin sözlərinə görə, müzakirə iştirakçıları üçün aydın idi ki, ABŞ İranla atəşkəs danışıqlarına boğazla bağlı məsələnin həllini də daxil etməlidir. Bununla belə, görüşün nəticələri göstərib ki, koalisiya ABŞ-nin iştirakı olmadan boğazın açılması üçün hazırlıqlara başlamağa hazırdır.
2 aprel tarixində İran hökuməti yanında informasiya şurasının rəhbəri Elyas Həzrəti bildirib ki, Tehran Avropa, Asiya və ərəb ölkələri ilə Hörmüz boğazından istifadə ilə bağlı saziş bağlamağa hazırdır. Onun sözlərinə görə, İslam Respublikası bu boğazdan istifadə etmək istəyən ölkələrlə razılaşma əldə etməyin mümkün olduğunu hesab edir.
31 martda Donald Tramp İranı Hörmüz boğazını yenidən açmağa məcbur etmək üçün keçirilən əməliyyatdan imtina etməyə “hələ tam hazır olmadığını” demişdi. Ağ Evin rəhbəri həmçinin Qərb ölkələrinin İranla ABŞ-İsrail müharibəsində iştirak etmək üçün hərbi qüvvə göndərməməsindən narazılığını ifadə etmişdi.







