NYT: Rusiya, Çin və Fransa Hörmüz boğazı üzrə BMT layihəsini bloklayıb

Fransa, Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının İran əleyhinə Hörmüz boğazının açılması üçün güc tətbiqini nəzərdə tutan qətnamə layihəsini bloklayıb. Bu barədə diplomatik mənbəyə və BMT-nin yüksək vəzifəli nümayəndəsinə istinadən The New York Times (NYT) yazır.

Bəhreyn tərəfindən, Fars körfəzi ölkələrinin dəstəyi ilə hazırlanmış sənəd beynəlxalq qüvvələrə boğazda sərbəst gəmiçiliyin təmin olunması üçün “bütün zəruri vasitələrdən” istifadə hüququ verməyi nəzərdə tutur. Lakin Rusiya, Çin və Fransa güc tətbiqinə imkan verən bu formulalara qarşı çıxır.

Qətnamə üzrə səsvermənin bu gün keçirilməsi gözlənilir. Sənədin mətni artıq bir neçə dəfə yenidən işlənib və hazırda dördüncü redaksiyadadır.

Hörmüz boğazı Fars körfəzi ölkələrindən neft və qaz tədarükü üçün əsas marşrutdur. ABŞ və İsrailin hərbi əməliyyatından sonra İran faktiki olaraq boğazda gəmiçiliyi bloklayaraq ABŞ müttəfiqlərinə məxsus bütün gəmiləri məhv edəcəyi ilə hədələyib. Daha sonra respublika bu marşrutdan dost ölkələr — o cümlədən Rusiya, Çin və Hindistan gəmilərinin keçidinə icazə verib. ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinə dəniz dəhlizini güc yolu ilə açmağı təklif etsə də, bu ideyaya heç kim dəstək verməyib. Nəticədə Tramp Hörmüz boğazından asılı olan ölkələri vəziyyəti özlərinin həll etməyə çağırıb. Böyük Britaniyanın baş naziri Kir Starmer isə boğazdan keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün ölkələr koalisiyası yaradıb.

Son xəbərlər
Digər xəbərlər