Azərbaycanda əsasən istehlak kreditləri verən “TCF” Bank Olmayan Kredit Təşkilatı ASC-nin səhmləri ölkənin tanınmış elektronika mağazaları şəbəkəsi olan “Baku Electronics” MMC-yə ötürülüb.
Banker.az-ın əldə etdiyi rəsmi məlumatlara görə, bu yaxın illərə qədər səhmlərinin 100%-i Tahir Rəhimova məxsus olub. Lakin bu dəyişikliklə bağlı məlumat heç bir yerdə rəsmi şəkildə açıqlanmamışdı.
Əldə etdiyimiz məlumata əsasən, səhmlər tam şəkildə “Baku Electronics”ə ötürülüb.
“Baku Electronics” elektronika sahəsində ən böyük mağazalar şəbəkələrindən biridir. Hazırda ölkə üzrə 24 mağazası fəaliyyət göstərir və 60-dan çox firmanın rəsmi distribyutorudur. Şirkət Türkiyənin “NAB Holding”inə daxildir.
2010-cu ildə yaradılmış, hər bir səhmin nominal dəyəri 1000 manat olan (cəmi 450 ədəd) “TCF” BOKT 450 min manat nizamnamə kapitalına malikdir.
BOKT 2025-ci ildə 809 min manat xalis mənfəət əldə edib və bu müddət ərzində aktivlərini 15.69 mln. manatdan 7.19 mln. manata qədər azaldıb.






