İran hakimiyyəti bütün gəmiləri, o cümlədən dost ölkələrə məxsus olanları da Hörmüz boğazından təhlükəsiz keçid üçün rüsum ödəməyə məcbur edəcək. Bu barədə İranın “Nour News” agentliyi yeni gəmiçilik protokolu ilə tanış olan rəsmiyə istinadən məlumat yayıb.
“Dost ölkələr üçün Hörmüz boğazından təhlükəsiz keçidə icazələr yalnız təhlükəsizlik rüsumlarının ödənilməsi müqabilində veriləcək və heç bir ölkə bu tələbdən azad olunmayacaq”, — deyə “Nour News”un mənbəsi bildirib. Agentliyin həmsöhbəti qeyd edib ki, bu strategiya ABŞ və İsrail hücumlarının vurduğu zərərin kompensasiya olunması məqsədi daşıyır.
ABŞ və İsrailin İrana qarşı əməliyyatından sonra İran faktiki olaraq Hörmüz boğazını bağlayıb. Martın 25-də İran hakimiyyəti dost ölkələrin gəmilərinə dəniz dəhlizi ilə keçidə icazə verib. Bu ölkələr arasında Rusiya, Çin, Pakistan, Hindistan və İraq var.
Aprelin əvvəlində “Al Jazeera” telekanalı xəbər vermişdi ki, İran boğazda gəmiçiliyin tənzimlənməsi üçün ölkələri “dost”, “neytral” və “düşmən” qruplarına bölən sistem hazırlayıb. Bildirilirdi ki, birinci qrupa daxil olan ölkələr boğazdan sərbəst keçə biləcək, “neytral” ölkələr rüsum ödəyəcək, “düşmən” ölkələr üçün isə keçid qadağan olacaq.







