Mənzil alanlara ilk rübdə 8.4 mln. manat keşbek ödənilib

Azərbaycanda 2026-cı ilin yanvar-mart ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 8 milyon 428,1 min manat təşkil edib.

Banker.az bunu Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

2026-cı ilin ilk üç ayında Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi davam etdirilir.

DVX bu göstəricini 2025-ci ilin aprelindən açıqlamağa başlaması səbəbindən müqayisə mümkün olmayıb. Ötən ilin aprelində 10  milyon 742 “ƏDV geri al” ödənmişdi.

Xatırladaq ki, 2026-cı il martın 1-dək portal üzərindən 28 237 müraciət daxil olub. Onlardan 17 072-si üzrə 90.7 mln manat vəsait vətəndaşlara ödənilib. 9 234 müraciətə isə qaydalara uyğun olmadığı və ya texniki səbəblərlə imtina verilib. Bu, demək olar ki, hər 10 müraciətin 3-nün rədd edilməsi deməkdir.

2025-ci ilin eyni dövründə 21 346 müraciət daxil olmuş, 11 930 müraciət üzrə 60.4 mln manat ödənilmiş, təxminən 7 000 müraciətə imtina edilmişdi.

2026-cı ilin ilk 2 ayında isə 1 265 müraciətin 964-ü üzrə 6 mln manatdan çox ödəniş edilib, 206 müraciət rədd olunub.

İmtinaların əsas səbəbləri müraciətin gec edilməsi, ödəniş məlumatlarının düzgün göstərilməməsi və ödənişlərin uyğun qaydada aparılmamasıdır.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər