“Allianz Trade” Yaxın Şərqdəki münaqişə fonunda Azərbaycanın reytinqini yüksəldib

“Allianz Trade” beynəlxalq sığorta və risklərin idarə edilməsi şirkəti Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və Hörmüz boğazında gəmiçiliklə bağlı fəaliyyətin pozulması fonunda Azərbaycanın ölkə reytinqini C1 səviyyəsindən B1 səviyyəsinə yüksəldib.

Bu barədə “Allianz Trade”ə istinadən xəbər verir.

Şirkətin mütəxəssisləri vurğulayırlar ki, yaranmış vəziyyət bütövlükdə ödəniş qabiliyyətinin olmaması ilə bağlı risklərin yenidən hərtərəfli qiymətləndirilməsinə səbəb olub, üstəlik reytinqləri aşağı salınan dövlətlərin sayı reytinqləri yüksəldilən dövlətlərin sayından çox olub:

“Biz beş iqtisadiyyat (Küveyt (B1-dən B2-yə), Qətər (BB1-dən BB2-yə), Serbiya (B2-dən B3-ə), Böyük Britaniya (AA1-dən A1-ə) və BƏƏ (A1-dən A2-yə) üçün ödəniş qabiliyyətinin olmaması ilə bağlı risklər üzrə proqnozu aşağı saldıq və yalnız üç ölkənin (Azərbaycan, Kosta-Rika (BB1-dən A1-ə) və Qazaxıstanın (C3-dən C2-yə) reytinqini yüksəltdik”.

Reytinq şkalalarının əksəriyyətində hərf işarələri etibarlılığın azalması prinsipinə görə yerləşdirilir: A – ən yüksək etibarlılıq, B – orta səviyyə, C – yüksək risk, D – defolt və ya defoltqabağı vəziyyət. Reytinqlərin aşağı salınması ya birinci dərəcəli təsirlərlə (xammalın bahalaşması və rentabelliyi təhdid edən təchizat fasilələri), ya da daxili boşluq amilləri, xüsusilə Böyük Britaniyanın fiskal vəziyyəti ilə bağlıdır. “Üçqat kəsirə” (enerji, cari hesab və büdcə kəsiri) malik olan ölkələr ikinci dərəcəli təsirlərə daha çox məruz qalacaq. Bu, ilk növbədə, Ukrayna, İordaniya, Pakistan, Keniya və Efiopiyanı əhatə edir. Növbəti pillələrdə isə Qana, Misir, Şri-Lanka, Türkiyə və Mərakeş gəlir.

“Asiyada İndoneziyanı, Tailandı, Filippini və Tayvanı diqqətlə izləyirik. Üçüncü dərəcəli təsirlər getdikcə daha çox hiss olunur: qızıl-valyuta ehtiyatlarının artım tempi yavaşlayıb, xarici maliyyələşdirmə şərtlərinin sərtləşməsi isə suveren risk mükafatlarının və borca xidmət edilməsi xərclərinin artmasında özünü göstərməyə başlayıb. Bu, xüsusilə münaqişə zonası yaxınlığında yerləşən dövlətlər, eləcə də yetərli olmayan xarici buferlərin və siyasi məhdudiyyətlərin həssaslığı artırdığı ölkələr üçün aktualdır. Məsələn, Türkiyənin ümumi ehtiyatları 25 % azalıb”, – məlumatda qeyd olunur.

Analitiklər qeyd edirlər ki, ölkə səviyyəsində reytinqlərin aşağı salınması Hörmüz boğazındakı şokdan birbaşa təsirlənən və ya daxili problemlər yaşayan iqtisadiyyatlar arasında özünü göstərib:

“Qazaxıstan və Azərbaycan karbohidrogenlərə sabit tələbdən və öz geosiyasi mövqelərinin yaxşılaşmasından fayda əldə edir. Regional normallaşma nəticəsində Azərbaycanda da siyasi risklərin azalması qeydə alınır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər