OPEC-in baş katibi Haitham al Hays və Aİ-nin energetika üzrə komissarı Dan Jorhensen qlobal neft bazarının vəziyyətini, energetikanın perspektivlərini və sahəyə investisiya zərurətini müzakirə ediblər. Danışıqlar OPEC–Aİ 16-cı enerji dialoqu çərçivəsində keçirilib. Bu barədə təşkilatın X sosial şəbəkəsindəki məlumatında bildirilir.
Təşkilatın baş katibinin sözlərinə görə, 2005-ci ildən fəaliyyət göstərən OPEC–Aİ enerji dialoqu çoxtərəfli enerji əməkdaşlığı üçün vacib platforma olaraq qalır. “Bu dialoq uzun illərdir ki, OPEC və Aİ-nin neft bazarının inkişafı, enerji siyasəti və enerji texnologiyaları kimi mühüm məsələləri müzakirə etdiyi unikal platformadır”, — deyə məlumatda qeyd olunur.
Al Hays vurğulayıb ki, OPEC-in Aİ ilə qarşılıqlı fəaliyyəti, eləcə də təşkilatın digər dialoq formatları iştirakçılara dəyişən bazar şəraitində düzgün istiqamətlənməyə kömək edir. O, həmçinin OPEC-in neft bazarında sabitliyin qorunmasına sadiq olduğunu təsdiqləyib və qlobal enerji tələbatının artacağı gözləntiləri fonunda bütün enerji növlərinə uzunmüddətli investisiyaların vacibliyini qeyd edib.







