“Instagram” paylaşımlar altındakı şərhləri redaktə etmək funksiyasını işə salıb. Sosial şəbəkə bu barədə “X” platformasında məlumat verib. Bildirilir ki, istifadəçilər şərhlərini paylaşdıqdan sonra 15 dəqiqə ərzində redaktə edə biləcəklər.
“9To5Mac”ın qeyd etdiyinə görə, bu kiçik, lakin çoxdan gözlənilən yenilikdir: artıq istifadəçilər səhv yazını düzəltmək üçün şərhi silib yenidən yazmaq məcburiyyətində qalmayacaqlar.
“TechCrunch”ın məlumatına görə, istifadəçilər ayrılmış vaxt ərzində şərhi bir neçə dəfə redaktə edə biləcəklər. Bundan sonra şərhdə redaktə edildiyini göstərən qeyd görünəcək. Dəyişikliklərin tarixçəsini isə görmək mümkün olmayacaq.
2026-cı ilin mart ayında “Instagram” ödənişli “mavi işarə” sahibləri arasında paylaşımların təsvir hissəsində kliklənə bilən linkləri test etməyə başlayıb. Həmçinin “Instagram Plus” abunəliyini təqdim edib — bu xidmət, digər imkanlarla yanaşı, “Stories” paylaşımlarının müddətini uzatmağa və onları müəllifin xəbəri olmadan izləməyə imkan verir.







