“Azersun Holding”ə yaxın olan “Azərbaycan Sənaye Sığorta” ASC 2025-ci ili 2.59 mln. manat xalis zərərlə başa vurub. Halbuki, sığortaçı 2024-cü ildə 1.30 mln. manat xalis mənfəət əldə etmişdi. Bununla belə əvvəlki hesbalamamızda ilkin göstəricilərə istinad etdiyimiz üçün şirtkətin 2.82 mln. zərər etdiyini bildirmişdik.
Banker.az xəbər verir ki, zərərin formalaşmasına gəlirlərin artmasına baxmayaraq xərclərin daha sürətli yüksəlməsi təsir edib. Hesabat dövründə cəmi gəlirlər 9.08% artaraq 29.29 mln. manat, cəmi xərclər isə 26.34% artaraq 31.88 mln. manat təşkil edib.
Xərclərin artımında xüsusilə işlərin aparılması xərclərinin 56.80% artaraq 13.94 mln. manata yüksəlməsi əsas rol oynayıb.
Şirkətin əsas əməliyyat gəliri 27.15% artaraq 33.45 mln. manat olub. Birbaşa sığorta haqları 33.19 mln. manata çataraq illik müqayisədə 33.10% artıb. Eyni zamanda xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə mənfi saldo 7.19 mln. manat təşkil edib ki, bu da yekun maliyyə nəticəsinə təzyiq göstərib. Sığorta ödənişləri 8.78% artaraq 13.16 mln. manat olub.
Pul vəsaitlərinin hərəkəti hesabatına əsasən, 2025-ci ildə əməliyyat fəaliyyətindən xalis pul axını 4.22 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3.6 dəfə çoxdur. İnvestisiya fəaliyyətindən xalis pul axını 68.1% artaraq 2.42 mln. manat olub.
Nəticədə ilin sonuna pul vəsaitləri 27.9% artaraq 29.58 mln. manata yüksəlib.
Xatırladaq ki, ASC 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i “Anadolu İnvestment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.





