Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun 12 milyon manatını ələ keçirməkdə ittiham olunan tanınmış iş adamı İntiqam Səfərəliyev həbsdən azad edilib.
Banker.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu dəqiqələrdə belə qərar çıxarıb.
Səfərəliyevin azad edilməsinə səbəb isə zərərçəkmiş Heydərovun qəfil fikrini dəyişməsi, təqsirləndirilən şəxsin həbsdən çıxmasına etiraz etmədiyi ilə bağlı ərizəsi olub.
Amma Heydərovun göndərdiyi eyni ərizədə ziyanın ödənilmədiyi yazılır. Vəkillər bunu və digər əsasları nəzərə alaraq, müttəhimin ev dustaqlığına buraxılmasını xahiş ediblər.
Bundan əlavə, Tale Heydərov məhkəmənin qapalı keçirilməsi ilə bağlı müraciət edib. Onun nümayəndəsi vəsatəti işdə kommersiya sirləri olması və mətbuatda yazılar çıxması ilə əlaqələndirib. Amma bu vəsatəti prokuror, təqsirləndirilən və vəkilləri məhkəmənin mülahizəsinə buraxıblar. Onlar məhkəmənin qapalı keçirilməsi ilə bağlı tələb irəli sürməyiblər.
Kamil Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası yalnız ev dustaqlığı ilə bağlı vəsatəti təmin edib. İ.Səfərəliyev məhkəmə zalında həbsdən azad edilib.
Proses açıq keçiriləcək.







